Yalnız “Yahoo” deyil

Bəzən daha ciddi və böyük qurumlar da bu cür haker hücumlara məruz qalırlar


2013-cü ildə ABŞ-ın "Yahoo” şirkətinə edilən hücum 3 mlrd. istifadəçinin hesabına təsir göstərib. Bu barədə şirkətin açıqlamasında qeyd edilib.

"Yahoo”dan bildirilib ki, istifadəçi hesablarının təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülüb. İnternet nəhəngi istifadəçilərə bir daha müraciət edərək hesablarının parollarını dəyişməyi və daha mürəkkəbi ilə əvəzləməyi xahiş edib.

Ötən ilin sentyabrında "Yahoo” məlumat vermişdi ki, 2014-cü ildə 500 milyondan artıq hesaba hücum edildiyi məlum olub və istifadəçilərin adları, elektron ünvanları, parolları və digər şəxsi məlumatları oğurlanıb. Lakin şirkət qeyd edib ki, hakerlər istifadəçilərin ödəniş kartları və digər bank məlumatlarını ələ keçirə bilməyiblər.

Maraqlıdır, bu qədər istifadəçinin şəxsi məlumatlarının oğurlanmasna səbəb nədir? Bu hücumlar hansısa qurumlar tərəfindən həyata keçirilə bilərmi?

Məsələni dəyərləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hər zaman bu cür hücumların baş verdiyini bildirib. Onun sözlərinə görə, yalnız "Yahoo” deyil, bəzən daha ciddi və böyük qurumlar da bu cür haker hücumlara məruz qalırlar: 

"Düşünürəm ki, kifayət qədər ciddi və oturuşmuş internet resursuna qarşı da bu cür hücumların edilməsi arzuolunan deyil. "Yahoo” internetin ən qədim və populyar resurslarından biri olub. Məncə, istifadəçilər bir qədər ehtiyatlı olmalıdır. Şəxsi məlumatlarının qorunmasına fikir verməlidirlər. Məsələn, şifrələrinin dəyişdirilməsi doğru olardı. Əgər bu şifrələrdən digər şəbəkələrdə də istifadə olunubsa, orda da bu şifrələr dəyişdirilməlidir. "Yahoo” resursundan istifadə edən şəxslərin bu addımları atmasında fayda var”.

Yeganə Bayramova