Aydın Mirzəzadə: "Nə qədər ki, köhnə borclara radikal yanaşma yoxdur, bank faizləri yüksəkdir, bu problem ağır yük kimi ilk növbədə bankların üzərində qalacaq”
"Vətəndaş şərtlərlə razılaşıb, bankdan könüllü şəkildə kredit götürür. Sonradan isə məlum olur ki, götürdüyü krediti qaytara bilmir”.
Bunu "Sherg.az”a banklar və vətəndaşlar arasında problemli kreditlərlə bağlı yaranan çətinliklərdən danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, hər bir insan kredit götürmədən əvvəl ciddi götür- qoy etməlidir ki, pulu qaytara biləcək ya yox:
"Banklar krediti asanlıqla verməməlidirlər. Kredit verilməzdən əvvəl müştərinin kredit qaytarma imkanı ciddi şəkildə araşdırılmalıdır ki, sonradan problemə düşməsinlər.
Problemin kökü bankların böyük faiz şərti qoymasıdır. Sonra isə vətəndaş nə krediti, nə faizi qaytara bilir. Ortada bank özü çətin vəziyyətə düşür. Banklar 1000 nəfərə kredit verib, hərəsinə 20-35 faiz tətbiq etməkdənsə, 100 nəfərə kredit versin. Amma faiz dərəcəsi 5-6 faiz olsun. Belə olduqda həm kreditlər vaxtında qaytarılacaq, həm də banklar kiçik də olsa gəlir əldə edəcək. Banklar böyük gəlir dalınca düşürlər, əllərində olan vəsaiti də itirirlər.
Bu məsələdə itirən tək vətəndaş deyil, eyni zamanda bank sektorudur. Hesab edirəm ki, banklar ilk növbədə belə problemlərin üzərində işləməlidirlər. Bank vətəndaşı məhkəməyə də verə bilər, evini, mülkünü əlindən almaq da olar. Hətta həbs cəzası da verilə bilər. Amma bu məsələnin həlli deyil, problemin köklü həlli üçün tədbir görmək lazımdır”.
Dövlətin problemə müdaxiləsinə gəlincə, parlament üzvü düşünür ki, dövlət bu məsələdə məsuliyyətli deyil:
"Vətəndaş özəl strukturla müqavilə imzalayıb. Dövlət bu işdə hər hansı iştirakçı deyil. Manatın məzənnəsi zəiflədi, dolların qiyməti qalxdı, buna görə, vətəndaşlar ağır duruma düşdülər. Lakin burada bir məqam var ki, vətəndaş krediti alanda hansı valyuta ilə aldığına diqqət etməli idi.
Bu baxımdan mütləq bank, maliyyə maarifçiliyi olmalıdır. Vətəndaşlar asan pul alırlar deyə banklara üz tutmalı deyillər. Banklar isə vətəndaşa pul verməzdən əvvəl ciddi fikirləşməlidirlər.
İndiki situasiyada banklar razılığa gəlib, borcları köhnə qiymətlərlə vətəndaşlardan tələb etsinlər, güzəşt həyata keçirsinlər. Bu artıq bankların daxili işidir. Nə qədər ki, köhnə borclara radikal yanaşma yoxdur, bank faizləri yüksəkdir, bu problem ağır yük kimi ilk növbədə bankların üzərində qalacaq”.
Aysel Aslan