"Yaqland erməni dairələrin sifarişini yerinə yetirir..."

Fikrət Sadıqov: "Açıq şəkildə daxili qayda-qanunlarımıza müdaxilə edir, bizə meydan oxuyur, ağıl verir"


"Azərbaycan Avropa Şurasına üzv olanda müəyyən köməklik arzusu ilə daxil oldu”.

Bunu "Sherg.az”a millət vəkili Aydın Mirzəzadənin Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycana qarşı kampaniya aparması haqqında fikirlərini şərh edərkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, Avropa Şurası və Azərbaycan arasında ilk vaxtlarda normal əlaqələr mövcud olub:

"Söhbət qarşılıqlı, faydalı əlaqələrdən gedir. Hətta AŞPA-da Dağlıq Qarabağla qarşı Azərbaycanın maraqlarına cavab verən qərarlar da qəbul olunmuşdu. Amma görünür, sonradan ayrı-ayrı deputatlar və digər siyasi qruplar erməni dairələrin sifarişini yerinə yetirərək bizə qarşı hücumlar etdi. Hazırda isə açıq şəkildə daxili qayda-qanunlarımıza müdaxilə edir, meydan oxuyur, ağıl verir. Halbuki bir sıra dövlətlər, xüsusilə Avropa dövlətləri heç bir təşkilatın, qurumun qətnamələrini yerinə yetirmirlər. Sayları isə artıq dərəcədə yoxdur.

Bu, bizim maraqlarımıza toxunur, açıq şəkildə hücumdur və qərəzli siyasi addımdır. Biz öz mövqeyimizi ifadə edirik. Bu tonda rəftar edən təşkilatlara qarşı yumşaq danışmaq lazım deyil. Narazılığımızın əsasları var. 

Yaqland Azərbaycan ictimaiyyətinin rəyini nəzərə almalıdır. Biz onun Azərbaycana qarşı çıxış etməsinin, dövlətimizə baxışlarının əleyhinəyik. Ona görə, Yaqlandın tam haqsız, əsassız olması ilə razıyam. Digər dövlətlərdə də problemlər var. Azərbaycanı o siyahıdan çıxarıb, əsas hədəf etməyə heç bir hüquqi, siyasi əsası yoxdur”.

Qeyd edək ki, deputatın sözlərinə görə, Azərbaycan Avropa Şurasına öz dəyərlərinə söykənərək şüurlu şəkildə qəbul olunub. O bildirib ki, lakin Avropa Şurasının baş katibi Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır.

Aysel Aslan