Yazıq sürücü neyləsin?!

Təcili yardım maşınına yol verilməlidir, amma...
“Paytaxtımızdakı yol infrastrukturu elə qurulub ki, şəxsi maşınımızla və ya avtobusla hərəkət edə biliriksə, buna şükür etməliyik”


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov təcili yardım maşınlarına yol verilməməsindən gileylənib. Qurum rəsmisi sherg.az-a bildirib ki, son günkü hadisələrdən dolayı paytaxt yollarında işıqforlar işləmədiyi üçün təcili yardım maşınları gecikib.

Təcili tibbi yardım maşınlarına yol verilməməsinə artıq alışmışıq. Nəinki təcili yardım, digər fövqəladə hallarda sürücülərin güzəşt etmədiyini görürük. Əslində hərəkət zamanı xüsusi təyinatlı avtomobillərə - polis, təcili yardım və yanğınsöndürən maşınlara yol açıq olmalıdır. Bu, sürücülük vəsiqəsi almaq üçün təhsil alan hər bir şəxsə öyrədilir.

 Lakin dəyişən bir şey yoxdur, yenə də eyni mənzərənin şahidi oluruq.
Görəsən, xoşagəlməz duruma necə son vermək olar? Bu gün kimlərinsə həyatı xilas ola bilər, lakin gecikmələr ucbatından əvvəllər nə qədər insan həyatını itirib. Sabah isə belə hallar baş verən zaman nə olacağını deyə bilmərik. Əslində operativ nəqliyyat vasitələri üçün xüsusi zolağın olması məqsədəuyğundur. 

Əgər xüsusi zolaq olarsa, yəqin ki, neqativ hallar yaşanmaz. Bəs, hazırkı yollarımızda belə bir infrastrukturun yaradılması mümkündürmü?

Avtosfer.az saytının redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının "Şərq”ə açıqlamasına görə, paytaxtımızdakı yol infrastrukturu elə qurulub ki, şəxsi maşınımızla və ya avtobusla hərəkət edə biliriksə, buna şükür etməliyik. Ekspert tikinti şirkətlərinin yolun hərəkət hissəsində belə obyekt, bina inşa etdiklərini və bütün bunların yollardakı problemlərə səbəb olduğunu deyib: "Piyada səkisinin üzərində özünə villa tikən məmurlar var. 

Şəhərsalma məcəlləsinin tələblərini bir kənara qoyublar, öz tələblərini diktə edirlər və bu tələblər də keçərlidir. Ölkəmizin iqtisadi durumu bir az da yaxşılaşdıqdan sonra, maşınların sayı artanda şəhərdə hərəkət etməyə yer tapa bilməyəcəyik, nəinki təcili yardım və digər operativ nəqliyyat vasitələrinin hərəkətindən danışaq. Nə sürücüləri, nə aidiyyəti qurumları başa salmaq olmur ki, yolları bərbad gününə qoyub daraltmayın. Sabah yol infrastrukturunun dəyişməsi lazım gələndə və nəqliyyat axınının sayı artanda yolların genişlənməsinə zərurət yaranacaq. Bu zərurət ortaya çıxanda, heç olmasa, yolu 1sm sağa-sola genişləndirməyə imkan qalsın.

İndi tikinti şirkətləri binanı tikir və qarajı ayrı qiymətə satır, qəsdlə parkinq yaratmır. Hansı ki, "Yol hərəkəti haqqında” qanunun tələbinə görə, hər bir tikinti işinə başlamazdan əvvəl o ərazidə mütləq parkinq nəzərə alınmalıdır. Tikinti şirkətləri parkinq yaratmır, amma qaraj yaradır. İnsanları qəsdlə məcbur edirlər ki, yolun hərəkət hissəsində maşın saxlasınlar. Tikinti şirkətləri bu qədər özbaşınalıqları edərkən, təcili yardım maşınlarının hərəkətindən necə danışa bilərik?”.

E.Muradlının sözlərinə görə, sürücülər zolaqlar üzrə düzgün hərəkət edərlərsə, problem həllini tapa bilər. Lakin sürücülər 3 zolaqlı yolda 4-cü zolağı yaradırlar ki, bu da təcili yardım maşınlarının hərəkətinə mane olur:

 "Son vaxtlar Avropada bu cür videolar yayılıb, bütün maşınlar normal qaydada öz yolu ilə gedir və arxadan təcili yardım maşını siqnal verir, sürücülər dərhal maşını sağa-sola çəkirlər və baxırsan ki, ortada boş zolaq əmələ gəlir. Bəzən görürsən ki, bizdə də ağıllı sürücülər olur, onlar öz zolağı ilə gedir.

İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsinə görə, düzgün zolaqla hərəkət etməyən sürücülərə 40 manat cərimə nəzərdə tutulur. Çıxış yolu odur ki, polislər kameraları izləyib sürücülərə cərimə yazmalıdır. İnanın ki, o cərimələr yazılsa, Bakı şəhərində gün ərzində ən azı 5-6 min sürücünü qayda pozuntusuna görə cərimələmək olar. 

Belə insanların ucbatından təcili yardım maşınları həmişə yollarda qalıb, insanlar ancaq özlərini düşünürlər. Sürücülər var ki, təcili yardım maşınının qabağına düşüb yol gedir və qəti çəkilmir. Dəfələrlə belə halların şahidi olmuşam. Bütün sürücülər bilməlidir ki, təcili yardım və digər operativ nəqliyyat vasitələrinə yol verilməməsi üçün 100 manat cərimə tətbiq olunur”.

Yeganə Bayramova