Zamanıdır...

Səfirliklər və diaspora işi yenidən qurulmalıdır
“Nəinki səfirliklər, hətta digər idarəçilik sistemləri informasiya texnologiyalarından faydalanmağı bacarmalıdır”


Millət vəkili Asim Mollazadə informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmədiyimizi hesab edir. Deputatın fikrincə, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır. Yeni texnologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir.

Deputat Musa Qasımlı da diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil.

Deputat qeyd edib ki, informasiya məkanını başqalarının öhdəsinə buraxmamalıyıq.
Millət vəkili Zahid Oruc yeni dünya düzəninin informasiya texnologiyaları üzərində qurulduğunu deyib. Böyük rezidensiyalar, hamının tarixən öyrəndiyi hakimiyyət strukturlarını, insan saylarını kiçik planşetlər, ağıllı texnologiyalar əvəz edir. 

Bu səbəbdən nəinki səfirliklər, hətta digər idarəçilik sistemləri informasiya texnologiyalarından faydalanmağı bacarmalıdır. Dünyada özünün ideoloji, siyasi, dini mənafeləri ilə çarpışan müxtəlif dövlətlər var. Lakin onlar həmin texnoloji məsələdə süngü ilə addım atmırlar. 

Hətta İranın Ali Dini Şurasının rəhbəri Xamineyi uzun illərdir ki, qərb ixtiraları üzərindən müsəlman dünyasına səslənməyə üstünlük verir. Onların feysbukda, instaqramda xüsusi hesabları var. Yəni onlar bu texnologiyaların qərb istehsalı olduğunu bəhanə gətirərək üstünlüklərindən imtina etmirlər. 2 ildən çoxdur ki, Putinin seçkiyə müdaxiləsi adıyla feysbukun yaradıcısı Mark Zukerberqi Konqresə tatami üzərinə çağırıb ifadə alırlar. Digər tərəfdən isə senatorlar az qala Markın qarşısında əsirlər. Çünki onu tanıyanlar və nüfuzu altına sığınanlar Konqresdə hər hansı bir təmsilçini tanıyanlarla müqayisə olunmayacaq dərəcədə çoxdur. 

Feysbuk "imperiyası” altında nəfəs alanlar Amerika siyasətini təyin edən şəxslərdən daha artıqdır. Bütün bunlar fonunda Azərbaycanı xarici ölkələrdə təmsil edən, bu ölkənin ictimai-siyasi həyatında rol oynamağa cəhd göstərənlər də bu cür müasir yeniliklərdən istifadə etməlidirlər. Kim informasiya məkanında üstünlüyə malikdirsə, diktə edən tərəf də məhz o olacaq. İctimai fikri formalaşdırıb arxasınca milyonlarla insanı aparmaq iqtidarındadır. Biz diplomatik korpus təmsilçilərinə yeni meyarlarla yanaşmalıyıq. Ötən əsrin ortalarının inersiyası ilə hərəkət etməklə uğurlu nəticələr əldə etmək mümkün deyil”.

Şəymən