Zelenski təmizliyə başladı – Üç naziri birdən istefaya göndərir





Ukrayna prezidenti Vladimir Zelenski, Ali Radaya xarici işlər naziri Pavel Klimkinin, müdafiə naziri Stepan Poltorakın və ölkənin təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsakın vəzifələrindən azad edilmələri üçün sənəd göndərib.

Sherg.az Ukrayna KİV-ə istinadən bildirir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yer alıb.

Xəbərdə bildirir ki, Zelenski Ali Radaya bu sənədi konstitusiyaya əsasən göndərib. Ukrayna prezidenti parlamentdən bu şəxslərin vəzifədən çıxarmasının təcili həllini tələb edib.

Bundan əlavə, Zelenskinin Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun da azad edilməsinə dair sənədi hazırladığı bildirilir.

Qeyd edək ki, mayın 17-də Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefa məktubu yazmışdı. Bundan 3 gün sonra, Vasili Qritsak və onun bütün müavinləri də oxşar istefa ərizəsi yazıblar.
Həmçinin mayın 20-də, Zelenskinin andiçmə mərasimindən dərhal sonra müdafiə naziri Stepan Poltorak istefa verdiyini açıqlamışdı.

Xatırladaq ki, hələ may ayının əvvəlində Baş prokuror Yuri Lutsenko Zelenskinin təzyiqindən şikayətlənmişdi. O, Ukrayna liderinin komandası tərəfindən şəxsinə qarşı informasiya hücumları edildiyini açıqlamışdı.

Anar