Zəlimxan Yaqubu "Şərq" belə andı

Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun yoxluğundan bir il keçir. Bu bir ildə onu gözləyənlər, gur səsi ilə şeirlərini dinləmək istəyənlərin sayı çoxdur, lap çox. 
Bütöv Azərbaycanın hər bir tərəfində, Orta Asiyada, Türkiyədə Zəlimxan Yaqub həsrəti ilə yaşayanların sayı-hesabı yoxdur. Onun yolunu gözləyənlərdən biri də məhz "Şərq"çilərdir. Demək olar ki, ömrünün sonunadək hər həftə "Şərq"ə gəldi, gəlməyəndə darıxırdıq. Xəstələnəndə səhhətinin düzələcəyi günü gözləyirdik. O da bizi heç zaman məyus etmirdi. Yazılarını, müsahibələrini, düşüncələrini "Şərq"lə bölüşürdü. "Şərq" mənim qəzetimdir" - deyirdi. "Şərq"in çayı çox şirin olur" deyərək bir fincan çayla redaksiyanın bütün əməkdaşlarını öz ətrafına toplayır, sözünün sehrinə salırdı. "Şərq"in arxivində Zəlimxan Yaqubun 2000-ci ildə qəzetin yubileyi ərəfəsində elə çay süfrəsindəcə yazdığı 4 misralıq təbriki bu günlərdə, şairin yoxluğundan bir il sonra oxuculara çatdırırıq:
Qəzetlərin bolluğunda seçilən,
Hər naxışda "Şərq"imizə eşq olsun.
Dayanmışıq Yaradanın yanında
Torpaq ilə fərqimizə eşq olsun.