Zərərdən mənfəətə keçmək...

Supermarketlərin birləşməsi gəlir və xərclərin optimallaşdırılmasını nəzərdə tutur


Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik tələbat malları ilə təminatını həyata keçirən, supermarket şəbəkələri birləşmək barədə qərar qəbul ediblər. 2011-ci ildən fəaliyyətə başlayan "ARAZ Supermarket” və 2008-ci ildən fəaliyyətdə olan "FAVORİT-Market” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər.

Qeyd edək ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.
Dünya təcürbəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkanverici qüvvəsi hesab olunur.

İqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə, şirkətlər əsasən bir neçə səbəbdən birləşmə qərarı ala bilirlər və bu strateji bir məsələdir. Birincisi, şirkətlər birləşmə ilə sinerji yaradaraq bazar payını artırmaq və bunan paralel olaraq xərclərin optimallaşdırılması ilə daha mənfəətli çalışacaqlarını planlaşdırırlar: 

"Digər səbəb isə hər iki şirkət - ya digər şirkətlər qarşısında rəqabət aparma imkanları zəifdir, ya da satışların azalması ilə zərərlə və ya qeyri-effektiv işləyir”.

İqtisadçının sözlərinə görə, birləşmənin nəticəsi olaraq yenə də gəlir və xərclərin optimallaşdırılması ilə zərərdən mənfəətə keçməyi planlaşdırırlar: "Azərbaycanın iqtisadi aspektindən məsələyə yanaşılsa, əhalinin alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb və pərakəndə sektorunda dövriyyənin azalması şirkətlərin imkanlarını birləşdirərək sıxıntılı dönəmi keçirmək niyyətində olduqları görünür”.

Şəymən