Ziyafət müəllimin çıxışında çox ciddi məqamlar var”

“Qarabağ nəzarətsiz qaldıqca, orada hər cür cinayətləri törətmək mümkündür”





Rusiyada "Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin yetişdirilməsi və satışı ilə məşğul olurlar. Vitse-spiker deyib ki, konfransda qaldırılan əsas məsələ Dağlıq Qarabağda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub:

"İşğal altında olan bu ərazilərə mərkəzi hökumət tərəfindən nəzarət olunmur. Orada silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər”. Z.Əsgərov bəyan edib ki, narkotik vasitələrdən istifadə dünyanı narahat edən qlobal problemlərdən biridir: "Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Lakin qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır”.

Moskvada diqqət çəkilən məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da deyib ki, narkotik maddələrin ticarəti bütün dünyanın problemidir. Ancaq QAT rəhbəri vurğulayıb ki, narkotikanın istehsalı, daşınması və satışı böyük dövlətlərin nəzarəti altında həyata keçirilir: 

"Xarici ekspertlərin özləri də etiraf edirlər ki, narkotrafika ilə məşğul olan beynəlxalq güclər var. Kosova Avropanın göbəyində narkotikanın mərkəzinə çevrilib. Bütün Avropanı narkotika ilə təmin edən məhz Kosovadır. Şərq bölgəsində isə bu vəzifəni Əfqanıstan icra edir. Bu problemin qarşısını almaq mümkün olmur, çünki işin arxasında çox böyük güclər dayanır. 

Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi prosesində zəlil Ermənistan tək deyil. Düşmən ölkənin də arxasında narko-ticarətlə məşğul olan xarici dairələr var. Hər halda biz hər beynəlxalq tribunada Dağlıq Qarabağdakı cinayətləri, Ermənistanın insanlığa zidd addımlarını qaldırmalıyıq. 

Əgər həqiqətən də dünyada narkotikanın yayılmasından narahat olan üç-beş ölkə və ya təşkilat varsa, onları da bu prosesə cəlb etməklə mübarizəni davam etdirmək lazımdır. Ən əsası isə odur ki, beynəlxalq aləm fərqinə varmalıdır ki, Qarabağ nəzarətsiz qaldıqca, orada hər cür cinayətləri törətmək mümkündür. Buna görə də Qərb dövlətləri torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi addımlar atmalıdır. 

Əgər düşmən tərəfindən zəbt olunmuş ərazilərimiz yenidən nəzarətimizə keçərsə, təbii ki, Qarabağda narkotikanın kökü birdəfəlik kəsilər. Ziyafət müəllimin çıxışında çox ciddi məqamlar var idi. İşğal altındakı ərazilərimizdə narkotikanın yetişdirilməsi ilk növbədə regiona, ikinci növbədə isə bütün bəşəriyyətə ziyandır”.

İsmayıl