Ziyalılar, yazıçılar qaçqınların qəsəbəsindən qayıdıblar

Elçin Hüseynbəyli: “Onlar yenə kədərli və qayğılıdırlar, çünki dünyada Vətən həsrətindən əzablı heç nə yoxdur”


Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsuvar) "Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin "Canımız Qarabağ, Yazımız Qarabağ- 2” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələri ilə görüş keçirilib. Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, "Persona.az” saytının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, "Ulduz” jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva, AYB təmsilçisi, şairə Güləmail Murad və şair İlqar Türkoğlu iştirak ediblər.

"Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsinin məqsədi və məcburi köçkünlərlə keçirilən görüş barədə təəssüratlarını öyrənmək üçün AYK-nin sədri Elçin Hüseynbəyli ilə əlaqə saxladıq. Oxşar tədbirin ötən ilin noyabrında həm Biləsuvarda yerləşən məcburi köçkün düşərgəsində, həm də digər cəbhə bölgələrində keçirildiyini deyən yazıçı layihənin məhz "Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirildiyini qeyd edib: "Həmin vaxt ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə Cəbrayılın Biləsuvardakı 11 nömrəli məcburi köçkün qəsəbəsində görüş keçirilib.

20 minə qədər əhalinin məskunlaşdığı ərazidə rayon icra hakimiyyəti də yerləşir. Həmin layihə çərçivəsində Ağdam, Tərtər və Ağcabədi rayonlarında olduq. Bu il də məcburi köçkün qəsəbələrində məskunlaşan insanlarla görüşüb, müəyyən qədər də olsa, onların ruhunu oxşamağa çalışdıq. Daha çox məcburi köçkün vətəndaşlarla görüşə üstünlük verməyimiz də onların yaralı yerimiz olması ilə bağlıdır. İnşallah, oktyabrın 6- da da "Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində yazıçılarımızın Cocuq Mərcanlıya səfəri planlaşdırılıb. Həmin görüşdə başda Anar Rzayev olmaqla digər tanınmış yazarlar və şairlər iştirak edəcəklər.

Məcburi köçkünlərlə görüş necə keçdi?

- Görüş iştirakçıları öncə Qarabağ savaşı ilə bağlı yeni çıxan kitabların və film-disklərin sərgisi ilə tanış oldular və sonra həmin kitablar rayon kitabxanasına təhvil verildi. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını bildirərək bu ruhda şeirlər söyləydilər.

- Məqsəd nədir bəs?

- Qılınc və qələm həmişə bir yerdə, bərabər mövqedə dayanmalıdır. Sözsüz ki, əsgərlərimiz, hərbiçilərimiz torpaqlarımızın keşiyində dayanıb, ərazi bütövlüyümüzün qorunması üçün şərəfli mübarizə aparırlar. Biz də istəyirik ki, onların döyüş ruhunun və əhvalruhiyyəsinin yüksəldilməsi üçün əlimizdən gələni edək. Onsuz da mütəmadi olaraq öz yazılarımızda Qarabağ probleminə toxunuruq. Bu cür səfərlərin isə ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz məcburi köçkün vətəndaşlarla görüşüb, onların duyğularını öyrənirik. Vətən həsrətli insanların dərdinə şərik olub, onlara ürək-dirək verməyə çalışırıq. Bu layihənin də məqsədi yazarların və şairlərin ordumuza və cəbhə bölgəsində yaşayan insanlara dəstək olduğunu nümayiş etdirməkdir.

- Artıq 2 dəfədir ki, məcburi köçkün qəsəbəsində olur, orada məskunlaşan insanlarla canlı ünsiyyətdə olursunuz? İnsanların "Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsinə münasibəti necədir? Yazarlarla, ədəbiyyat nümayəndələri ilə görüşdə maraqlıdırlar?

- Ötənilki görüşdən sonra bizim layihə ilə bağlı çoxsaylı məqalələr yazıldı, həmçinin yerlərdən xeyli sayda insan görüşlə bağlı təəssüratlarını özündə əks etdirən məktublar göndərdilər. Builki görüşümdə isə biz artıq mənim yazıların çap olunduğu kitabları apardıq. Aprel şəhidləri, bu döyüşlərdə qəhrəmanlıq göstərən insanlara həsr olunan kitabları və film diskləri apardıq.

- Cəbrayıl köçkünlərinin əhval-ruhiyyəsi necə idi?

- Onların vəziyyətində heç bir dəyişiklik yoxdur. Yenə də insanlar kədərli və qayğılıdırlar. Bu da başadüşüləndir. O insanlar neçə illərdir yurd-yuvalarından didərgin düşmüş insanlardır. Biləsuvarla Cəbrayıl rayonları arasındakı məsafə cəmisi 70 km olmasına rəğmən onlar öz Vətənlərinə gedə bilmirlər. Bu dünyadan Vətən həsrətindən əzablı heç nə yoxdu. Onlar üçün nə qədər yüksək şərait yaradılsa, bir əlləri yağda, bir əlləri balda belə olsa, onların könlündəki qubar heç vaxt açılmaz.

Şəymən