Sənədsiz evlərin taleyi sual altındadır
Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq
Sənədsiz evlər sənədsiz də qalmaqdadır. Bu məsələ heç cür həllini tapmır. Bir ara bu məsələdə canlanma yarandı, sənədləşmə işlərinə başlandı, qeydiyyat aparıldı, lakin pandemiya yenə işi yarımçıq qoydu. Problem təkcə pandemiyadırmı, yoxsa sənəsiz evlərin qarşısında başqa baryerlər də var, öz hasarları xaric? Əmlak eksperti Elnur Fərzəliyev hesab edir ki, sənədsiz evlərin əmlak çıxarışları ilə təmin edilməsi qərarı verilsə, Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq.
Ekspert bildirib ki, sənədsiz evlər problemi artıq uzun illərdir davam edir və qeyri-rəsmi rəqəmlərə görə, Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışsız fərdi həyət evi var: "Bu evlərə çıxarış verilməsi üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir. Artıq insanlarda bu barədə qorxu var. Çünki inamla yanaşırdılar ki, bu evlər sənədləşəcək. Amma nəinki 30 il, hətta daha əvvələ aid tikililərə belə sənəd verilməyib. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində çıxarış yoxdur. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Lakin qanunvericilikdə belə bir müddəa var ki, əgər bir vətəndaş bir mənzildə 30 il yaşayırsa, 30 il ərzində həmin mənzilə iddiaçı çıxmayıbsa və orada yaşamasını sübut edən amillər varsa, vətəndaş bu minvalla həmin evə çıxarış ala bilər". Ekspert çıxarışların verilməsinin üstünlüklərindən də danışıb. Bildirib ki, bu həm vətəndaşın, həm də dövlətin xeyrinə olacaq: "Çıxarışlı mənzillərin alqı-satqısı zamanı hər kvadratmetrə görə dövlətə vergi ödənilir. Amma bu gün ən çox əmlak satışı çıxarışsız həyət evləri üzərindən aparılır. Çünki burada qiymətlər çıxarışlı mənzillərlə müqayisədə çox aşağıdır. Həmçinin, yeni binalara da çıxarışlar uzun illərdən sonra verilir. Həmin vaxt ərzində isə bu mənzillər demək olar ki, 4-5 dəfə alınıb-satılır.
Lakin çıxarışın olmaması səbəbindən dövlət bu alqı-satqıdan da yararlana bilmir. Əgər sənədlər vaxtında verilsə və digər həyət evləri də sənədləşdirilsə, dövlət büdcəsinə kifayət qədər böyük vəsait daxil ola bilər".
E.Fərzəliyev onu da qeyd edib ki, çıxarışlar verilsə belə, bir çox vətəndaş bu imtiyazdan məhrum olacaq:
"Sənədsiz evlərlə bağlı amnistiya olsa, bu tikililərin təxminən 70 faizdən çoxu çıxarışla təmin oluna bilər. Yerdə qalan 30 faizinə isə düşünürəm ki, çıxarış vermək mümkün olmayacaq. Çünki həmin evlər çox təhlükəli yerlərdə, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilib. Ümumilikdə çıxarışların verilməsi həm vətəndaş, həm də büdcə üçün faydalı olar. Eyni zamanda, bəzi ölkələrdən, xüsusən də ərəb ölkələrindən olan vətəndaşlar Azərbaycanda daşınmaz əmlak almaq istəyirlər və ya xarici ölkə vətəndaşı olan azərbaycanlılar burada əmlaka yatırım etmək istəyirlər, amma çıxarış olmadığından bunu edə bilmirlər. Yəni sənədlərin olmaması ölkəyə gələ biləcək valyuta axınının da qarşısını almış olur. Ümid edirik ki, problem ən qısa zamanda həllini tapacaq".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, sənədsiz evlər probleminin həllini tapmaması hüquqi və ya inzibati məsələ deyil:
- Bu, texniki məsələdir. Pandemiyadan əvvəl təqribən 200 min ev inventarlaşdırıldı. Lakin sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verildi. İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə çevrildi. Struktur dəyişikliyi aparıldı, Əsasnamə təsdiq edildi. Xidməti işə başlamaq istəyəndə pandemiya da başladı. Məlumdur ki, pandemiyada bir çox dövlət strukturları, idarə və müəssisələr fasiləli iş rejiminə keçdi, sərt karantin müddətində ümumiyyətlə canlı təmaslar, vətəndaş qəbulları dayandırıldı, onlayn xidmətə keçildi. Ona görə də proses ləngidi. Amma hesab edirəm ki, qarşıdakı aylarda prosesdə yenidən aktivləşmə başlayacaq.
R.Osmanlı sənəd verilməyəcək evlərlə bağlı da danışdı:
- Paytaxt üzrə 165 min, regionlar üzrə isə 70 min sənədsiz evin olduğu məlumdur. Hansı evlərə çıxarış verilməsində problem ola bilər, qərarda istisna hal kimi açıq qeyd edilir; mühafizə zolaqlarında, kommunikasiya xətlərinin üzərində - dəmir yolu, magistral yollar, qaz xətti keçən yollar, Bakı-Tbilisi-Ceyhan və buna bənzər kəmərlər, aktiv mədən əraziləri, hansı ki orda istismar davam edir və vulkanik ərazilər. Belə ərazilərdə yerləşən evlərin sənədləşməsi çətin olacaq. Bəlkə heç mümkün də olmayacaq. Amma bu cür evlər ümumilikdə sənədsiz evlərin 10 faizini təşkil edə, ya etməyədir.
Məlahət Rzayeva