Ermənistanda son dövrlərdə baş verən siyasi proseslər ölkənin daxili transformasiyası və xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi islahatlar, Qərblə yaxınlaşma siyasəti və eyni zamanda ölkə daxilində baş verən mübahisəli hadisələr müxtəlif qiymətləndirmələrə səbəb olub. Bəziləri bu prosesi Ermənistanın keçid dövrünün təbii nəticəsi hesab etsələr də, digərləri demokratik prinsiplər baxımından narahatlıqlarını ifadə edirlər.
Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a Paşinyanın ölkəsini Qərb yönümlü demokratiya modelinə inteqrasiya etdirmək və Rusiyanın nəzarətində olan Ermənistandan çıxarmaq istəyən lider olduğunu söyləyib:
"Ermənistanda son dövrlərdə xüsusilə demokratik olmayan bir sıra addımlar atılır. Ölkə Qərb tipli demokratiya modelinə yaxınlaşmağa çalışsa da, daxildə demokratik prinsiplərlə uzlaşmayan qərarların qəbul edilir. Lakin bu, həm də Ermənistanın hazırda köklü dəyişiklik mərhələsindən keçməsi ilə bağlıdır. Ölkə köhnə Ermənistanla yeni Ermənistan arasında keçid dövrünü yaşayır. Belə bir transformasiya zamanı siyasətə istiqamət verən siyasətçilər, iş adamları, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər arasında ciddi dəyişikliklər baş verir. Eləcə də onların fəaliyyətində ekstrem xarakterli hadisələr yaşanır. Bu çox da qeyri-adi hesab olunmamalıdır. Bu mövzuda tez-tez belə bir fikir səsləndirilir ki, Paşinyan demokratiya pərdəsi altında antidemokratik addımlar atır".
Analitikin sözlərinə görə Paşinyanı dəyişiklik tərəfdarı, inqilabçı lider kimi xarakterizə etmək olar:
"Əgər hər hansı ölkədə köklü dəyişikliklər həyata keçirilmək istənilirsə, son məqsəd demokratiya olsa belə, müəyyən mərhələlərdə bəzi hallarda demokratik olmayan üsullara əl atılması normal siyasi davranış kimi qiymətləndirilə bilər. Bunun doğru və ya yanlış olması isə ayrı məsələdir. Çünki məqsəd uzun illər ərzində formalaşmış və kök salmış strukturları dəyişməkdir. Təbii ki, zor tətbiqi və müxtəlif hüquq pozuntuları üzücü hallardır. Lakin köklü dəyişikliklər həyata keçirilərkən, siyasi terminologiya ilə desək, bəzən yakobinçi müdaxiləyə ehtiyac yarana bilir. Hazırda Ermənistanda baş verənləri də bu kontekstdə qiymətləndirmək mümkündür. Avropa və ABŞ-də Paşinyan haqqında "Qərbin dostu" kimi ifadələr işlədilir, onun seçki qələbələrini Qərb təbrik edir. Ancaq yalnız son dövrdə baş verən bir neçə hadisəyə əsaslanaraq "Ermənistan avtoritar rejimə doğru gedir" demək düzgün olmaz. Çünki bunlar ölkənin keçid mərhələsində yaşadığı hadisələr kimi qiymətləndirilə bilər".
Ekpert bu prosesin 5-10 il sonra da eyni şəkildə davam edəcəyini indidən söyləməyin mümkün olmadığını bildirib:
"Hazırkı hadisələri Ermənistanın Qərb demokratiyasına inteqrasiya prosesi zamanı yaşadığı ekstrem hallar kimi dəyərləndirmək olar. Bu səbəbdən "ölkə demokratiyadan uzaqlaşdırılır" və ya "demokratiyasızlaşdırılır" kimi qəti nəticələr çıxarmaq kifayət qədər nəzarətsiz yanaşma olardı. Ermənistanın gələcəkdə Qərbin strateji dayaq nöqtəsinə çevrilib-çevrilməyəcəyini isə zaman göstərəcək. Keçmişdə Ermənistan Rusiyanın regional təsir aləti kimi çıxış edirdi. Qarabağın işğalı dövründə də bu reallıq mövcud idi. İndi isə onun Qərbin təsir platforması çevriləcəyini söyləmək üçün hələ tezdir".
Müsahibimiz bu barədə gələcək hadisələrin daha dəqiq təsəvvür formalaşdıracağını qeyd edib:
"Bir məqamı qəti şəkildə demək olar: Ermənistan hazırda Cənubi Qafqazda Rusiya ilə ABŞ arasında geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib. Hər iki tərəf ölkədə təsir imkanlarını artırmaq uğrunda rəqabət aparır".