Hüsamettin İnaç: Bu il ərzində yekun sülh saziş imzalanacaq

Bu gün Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Keçirilən görüşlər və Paşinyanın da baş nazir seçilməsindən sonra diqqət mərkəzinə gələn mövzu sülh müqaviləsinin nə zaman imzalanacağıdır.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Ermənistan-Azərbaycan münasibətlərindən və sülh müqaviləsinin nə zaman imzalanacağı barədə danışıb:

"Nikol Paşinyanın seçkilərə gedərkən irəli sürdüyü vədlər və Türkiyə ilə Azərbaycana baxışı, sülhün təmin edilməsi baxımından olduqca mühüm addımlar idi. Paşinyan seçkiyə gedərkən belə demişdi: “Əgər Azərbaycan və Türkiyə ilə yaxşı qonşuluq münasibətləri qurmasaq, hələ də 1915-ci ildə ermənilərin yaşadığı hadisələri erməni soyqırımı kimi xarakterizə etsək, sülh üçün zəruri addımları atmasaq və xüsusilə işğal etdiyimiz torpaqları və Qarabağı yenidən geri almaq cəhdlərinə girişsək, ABŞ, Fransa və diasporun Ermənistan üzərindəki bir sıra təhrikedici siyasətlərinin davam etməsinə şərait yaratsaq, bugünkü torpaqlarımızı da itirərik. Buna görə də biz Türkiyə və Azərbaycanla dostluğu seçirik”. O, bütün bu iddiaları öz seçki təbliğatı zamanı irəli sürdü və seçkinin qalibi oldu. Deməli, erməni xalqı da əhəmiyyətli dərəcədə Paşinyanla eyni mövqedə birləşir. Lakin burada tam sülhün təmin olunması məsələsində müəyyən problemlərlə qarşılaşacağı da aydın görünür. Çünki təəssüf ki, Paşinyan 51 faiz səs və 63 deputatla təmsil olunan bir uğur qazandı. Bu, 104 deputatdan ibarət parlamentdə çoxluğu təmin etmək baxımından çətinlik yaradır. Buna görə də konstitusiya dəyişikliyi üçün başqa partiyaların dəstəyini də almalıdır. Təbii ki, Türkiyə və Azərbaycan haqlı olaraq bəyan ediblər ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən yekun sülh sazişinə imza atmayacaqlar. Buna görə də burada həm Qarabağı erməni torpağı kimi görən və göstərən, həm həmin işğal olunmuş əraziləri əlində saxlamağa çalışan, həm də Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü qəbul etməyən konstitusiya mövcuddur". 

Analitik bəzi siyasi qüvvələrin sülhü təhdit kimi gördüklərini vurğulayıb:

"Sülhün qarşısındakı maneə yalnız konstitusiya dəyişikliyi deyil. Rusiya da Türkiyə, Azərbaycan və Ermənistan arasındakı yaxınlaşmadan son dərəcə narahat olan ölkələrdən biridir. Belə ki, Rusiya bir müddət əvvəl Ermənistanın Baş nazirini Ukrayna kimi olmaqda ittiham etdi. Xüsusilə son dövrdə Avropa Siyasi Birliyinin İrəvanda bir araya gəlməsi və Ermənistana Avropa İttifaqına üzvlük perspektivinin açılması Rusiyanı həyəcanlandıran inkişaf oldu. Əgər bu müzakirələr daha irəli bir mərhələyə keçərsə, Rusiya: “Necə ki, Ukraynanı işğal etdik və parçaladıq, Ermənistan üçün də bənzərini edə bilərik” deyəcək. Buna görə də Rusiya ikinci təhdiddir. Üçüncü təhdid isə Avropa İttifaqıdır. Xüsusilə Avropa İttifaqı son dövrdə Ermənistanı tamamilə fərqli bir mövqedə yerləşdirərək, ona üzvlük perspektivi vermək vədi ilə həm Azərbaycandan, həm də Türkiyədən uzaqlaşdırmağa çalışır. Yəni Ermənistana açıq şəkildə deyilən budur: “Siz türklərlə, yəni Azərbaycan və Türkiyə ilə razılığa gəlməyin. Biz sizin bütün ehtiyaclarınızı qarşılayarıq. Ticarət həcminizi bizimlə inkişaf etdirin”. Bundan başqa, diaspora, kilsə və xüsusilə “Qarabağ klanı” adlandırdığımız, müxalifəti təşkil edən qurumlar da bu konstitusiya dəyişikliyinə qarşı çıxacaqlar.Lakin Paşinyan indiyədək təcrübəli siyasətçi kimi bütün çətinliklər qarşısında özünü yaxşı ifadə edə bilmiş, xalqın dəstəyini əhəmiyyətli dərəcədə arxasına almış siyasətçi və dövlət adamıdır".

Ekspert bildirib ki, bundan sonra Türkiyə və Azərbaycanın asanlaşdırıcı bir sıra addımları ilə birlikdə bu sülh yekun mənada təmin oluna bilər:

"Ən böyük narahatlığım odur ki, Rusiya, Avropa İttifaqı kimi güclər və müxalifət bu prosesi sabotaj etmək üçün əllərində olan imkanlardan sonuna qədər istifadə etməyə çalışacaqlar. Burada tərəflər sakit, anlayışlı və uzaqgörən mövqe nümayiş etdirə bilsələr, bu maneələri aşa biləcəklər. Bu il ərzində yekun sülh saziş bu və ya digər şəkildə imzalanacaq".