Hörmüz böhranı böyüyür: Azərbaycanın “B planı” 32 il əvvəl hazırlandı

“Hörmüz boğazında gərginlik azalmır, İran bu su yolunun girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bölgədən neft-qaz nəql edən ölkələrlə yanaşı, İranın özünə də ciddi problem yaradıb:

“Çünki ABŞ İran sahillərinə yaxınlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürür. İranın əsas gəlir mənbəyi neft ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır.

Baş verənlər fonunda Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft-qaz nəqlində Hörmüz boğazından asılılığı azaltmaq barədə düşünürlər. Qərb ekspertləri tarixi misallara müraciət edirlər. Məsələn, Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra yaponlarla döyüşən müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkilişi reallaşdı. Bu yol konsepsiyanın ideya müəllifi olan ABŞ generalı Cozef Stilvellin şərəfinə “Stilvel yolu” adlandırıldı.

Digər misal Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyşlə əlaqəli gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu, İran neftini Avropaya daşımaq istəyən İsrail və Tehran arasında əməkdaşlıq layihəsi idi. 1950-ci illərin ortalarında İsrailin neft idxalının 90 faizdən çoxu İrandan gəlirdi. İranda İslam inqilabından sonra İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildəki xəbərlərdə boru kəmərinin Birləşmiş Ərəb Əmirliklərinin neftini daşıya biləcəyi irəli sürülürdü.

1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman layihənin suverenliyinə təsir göstərəcəyindən ehtiyat edərək, bununla razılaşmadı. Amma Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi. Hazırda Oman neft-qazın Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çatdırılması layihələrini müzakirə etməyə hazırdır. Səudiyyə Ərəbistanın təklifi reallşsaydı, bu gün İranın Hörmüz boğazıyla bağlı siyasəti nəticə verməyəcəkdi. Çünki tankerlər Hörmüz boğazına daxil olmadan Oman limanında neft-qazı daşıyacaqdılar”.

Elxan Şahinoğlu vurğulayıb ki, Yəməndəki silahlı husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəfə aldıqdan sonra bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun yol qət etdi:

“Bu yol uzun olsa da, alternativdir. Azərbaycan isə vaxtilə doğru qərar verərək, neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə “yaşıl işıq” yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək, Bakı-Supsa və Bakı-Ceyhan boru kəmərlərinin tikintisini də həyata keçirdi. Əgər Azərbaycan 1990-cı illərin ortalarında ancaq Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi.

Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiysk limanınadan daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorossiysk limanından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır”.