Ermənistan müxalifətində “çamadan yığmaq” əhval-ruhiyyəsi hökm sürür
Ermənistanda siyasi qarşıdurma seçkilərdən sonra da səngimək bilmir. Hakimiyyətlə müxalifət arasında gərginliyin daha da artdığı bir vaxtda, müxalifət liderlərinin ölkədən çıxışına qadağa qoyulması yeni müzakirələrə səbəb olub. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri bu qərarın hüquqi əsaslara söykəndiyini və ölkəni tərk etməyə çalışan şəxslərin məsuliyyətdən yayınmasına imkan verilməyəcəyini bildirirlər. Bu fonda Ermənistan parlamentində hakim fraksiyanın deputatı Alxas Qazaryan müxalifət liderləri Robert Köçəryan, Samvel Karapetyan, Narek Karapetyan və Qaqik Sarukyanın ünvanına sərt ittihamlar səsləndirib. Deputat onların ölkədən qaçmağa çalışdıqlarını iddia edərək, müxalifətin cəmiyyətdə ciddi dəstəyə malik olmadığını və seçkilərin nəticələrini qəbul etmək istəmədiyini vurğulayıb. Qazaryanın fikirlərinə görə, hakimiyyət seçicilərə verdiyi vədi yerinə yetirərək müxalifət liderlərinin ölkədən çıxmasının qarşısını alır.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, müxalifət liderləri sayılan Koçaryan, Karapetyan və Qagik Sarukyan haqqında əvvəldən konkret cinayət məsuliyyəti yaradan maddələr üzrə hüquqi ittihamlar var:

“Koçaryan hər şeydən öncə 1 Mart hadisələri ilə bağlı, yəni İrəvanda etiraz mitinqinin gülləbaran edilməsi və insanların qətlə yetirilməsi hadisəsi ilə bağlı uzun zamandır məhkəmə qarşısında cavab verir. Bu günə qədər Koçaryanın niyə həbsdə olmaması sualının cavabını zaman-zaman Nikol Paşinyan özü verib. O bildirib ki, Ermənistanın hüquqi sistemində ciddi islahatlara ehtiyac var. Çünki bütün məhkəmə sistemi keçmiş Qarabağ klanı tərəfindən tamamilə nəzarət altına alınıb. Ona görə başladılan cinayət işləri müxtəlif vasitələrlə fərqli istiqamət alır və nəticə etibarilə bu şəxslər cinayət məsuliyyətindən yayınırlar. Yəni bu faktın özü də göstərir ki, hələ də Nikol Paşinyan bu şəxslərin hüquq qarşısında cavab verməsinə nail ola bilməyib. Bunlar paralel proseslərdir və Ermənistanda yeni Konstitusiya qəbul olunarsa, bunun üçün isə referendum lazımdır, bundan sonra hüquqi sistemdə çox ciddi islahatların aparılması başlayacaq. Yəni Konstitusiyaya əsaslanaraq, Qarabağ klanına söykənən bu hüquq sistemi tamamilə aradan qaldırılacaq. Bu da perspektivdə həmin şəxslərin və onlar kimi digər cinayətkar ünsürlərin cəzadan qaça bilməyəcəyi bir vəziyyət yaradacaq. Bunu müxalifət düşərgəsində də anlayırlar. Nikol Paşinyan da bunu seçki prosesində, xalqla görüşlərində açıq şəkildə bəyan edirdi. Paşinyan, onların konkret olaraq masa arxasında oturacaqlarını bildirir, ancaq bu masanın parlament masası deyil, həbsxana masası olacağını deyirdi”.
Analitik qeyd edib ki, müxalifət cəbhəsində böyük bir narahatlıq var:
“Çünki qazandıqları səslər kontekstində Nikol Paşinyan hökumətinə qarşı ciddi hüquqi-siyasi müqavimət göstərə bilməyəcəklərinə əmindirlər. Nəticə etibarilə seçkilərdə ortaya çıxan siyasi nəticələr fonunda Rusiyanın da bu şəxsləri sonadək müdafiə etməyəcəyi ilə bağlı narahatlıq mövcuddur. Ona görə də müxalifətdə bir növ “çamadan yığmaq” əhval-ruhiyyəsi hökm sürür. Onlar Rusiyanın dəstəyinə və xərclənən pullara arxayın olaraq xalqın böyük əksəriyyətinin müxalifətə səs verəcəyini düşünürdülər. Ancaq bu baş vermədi. Bu olmayınca da, hələlik vəziyyətdə müəyyən qeyri-müəyyənlik qalsa da, aradan çıxmaq planlarını həyata keçirmək istəyirlər. Ona görə də əvvəldən mövcud olan konkret cinayət ittihamları və maddələri var. Bunlar ləğv olunmayıb. Bu maddələrin içərisində xalqı küçələrdə gülləbaran etməkdən tutmuş korrupsiyalaşmış bir şəbəkənin mövcudluğuna, erməni xalqının var-dövlətinin mənimsənilməsinə, eyni zamanda vergilərlə bağlı ciddi cinayət tərkibli əməllərə qədər çox ağır ittihamlar yer alır. Ona görə də istər Koçaryan, istər sabiq Prezident Sarkisyan, o cümlədən iş adamı, oliqarx Qagik Sarukyan, eyni zamanda Samvel Karapetyan normal hüquq sistemi qurulduğu təqdirdə həbsxanada oturacaq qədər cinayət tərkibli əməllər törədiblər.Ona görə də məsələyə sadəcə kimlərinsə hüquqlarının məhdudlaşdırılması və ya normal rəqabətə imkan verilməməsi kimi qiymət vermək doğru deyil. Bu adamlar bilavasitə cinayətkar ünsürlərdir. Sadəcə bunu dəlillərlə sübut edib, həmin insanları cəzalandırmaq üçün hüquqi qərarların verilməsinə ehtiyac var”.
Politoloqun sözlərinə görə, bu şəxslərin bilavasitə Rusiyanın emissarları olduğunu Ermənistanda bilməyən demək olar ki, heç kim yoxdur:
“Onlar seçkilərdə Ermənistan dövlətinə, onun müstəqilliyinə və suverenliyinə qarşı siyasət həyata keçirdilər. Yenidən Ermənistanı Rusiyanın alətinə çevirməyə, Azərbaycanla yeni münaqişə ocağı yaratmaqla Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə çalışdılar. Ona görə bütün bunların fonunda sizin dediyiniz rəqabət məsələsi çox kiçik görünür. Üstəlik, bilirsiniz ki, əgər söhbət milli maraqlardan gedirsə, belə məsələlərdə Katolik Papasından daha çox katolik olmağa ehtiyac yoxdur. Çünki Rusiya kimi avtoritar rejimlər hər zaman başqalarına qarşı demokratiyadan istifadə edib, onu pul və digər vasitələrlə deformasiyaya uğrada biliblər. Ən azından Bidzina İvanişvilinin Gürcüstanda hakimiyyətə gətirilməsi modeli kimi. Hansı ki, bu model Ermənistanda Karapetyanın timsalında baş tutmadı. Ona görə də belə məsələlərdə həddindən artıq hüquq və demokratiyanı ön plana çəkərək əsas prinsip kimi təqdim etmək doğru deyil. Bəzən dövlət cinayətkarlara qarşı sərt üzünü də göstərməlidir ki, ən azından dövlətin lazım gəldiyi təqdirdə zor tətbiq etmək səlahiyyətinə malik bir aparat olduğu hər kəsə bəlli olsun”.