Kreml İrəvana təzyiqi artırır - Politoloq

  • Oqtay Qasımov: “Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil”

Rusiyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlara münasibəti getdikcə sərtləşir. Moskva bunu təkcə İrəvanın xarici siyasət seçimi kimi deyil, həm də Rusiyanın rəhbərlik etdiyi regional inteqrasiya platformalarına yönəlmiş geosiyasi təzyiqin tərkib hissəsi kimi qiymətləndirir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun son açıqlaması Kremlin Ermənistanın Qərbə yaxınlaşmasını hansı prizmadan gördüyünü bir daha ortaya qoyur. Uşakovun fikrincə, Avrasiya İqtisadi Birliyi və KTMT kimi strukturlardan uzaqlaşma cəhdləri postsovet məkanında formalaşmış siyasi, iqtisadi və təhlükəsizlik balansını dəyişdirməyə hesablanıb. Bu yanaşma fonunda Ermənistanın Avropa kursunun regionda hansı nəticələr doğura biləcəyi yenidən müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya tərəfi Ermənistanın Avropa İttifaqı və Qərblə münasibətlərinin dərinləşməsindən narahatdır:

“Bu münasibətlər bir neçə ildə daha ciddi inkişaf edib. Keçən ay Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyinin toplantısı da Rusiya tərəfindən heç də məmnunluqla qarşılanmayıb. Rəsmi Moskva İrəvanın bu addımlarını təmkinliklə qarşılayırdı. İndi isə açıq şəkildə öz mövqeyini ortaya qoyur. Biz Ermənistandakı seçkilər ərəfəsində Rusiya rəsmiləri və siyasətçilərinin açıqlamalarına diqqət etsək görərik ki, burada müxtəlif təzyiq metodları və təhdid ritorikasından istifadə olunub. Ermənistan tərəfi bu təhdidləri əvvəlcədən proqnozlaşdırırdı. Hətta Aİ Rusiyanın Ermənistan kənd təsərüffatı məhsullarına tədbiq etdiyi embarqoya cavab olaraq 50 milyonluq yardım paketi ayırıb. Həmçinin Ermənistan məhsullarının Avropa bazarlarına güzəştli şərtlərlə çıxışına şərait yaratmaqla təzyiqləri azaltmağa çalışır”.

Politoloq qeyd edib ki, Rusiya tərəfi Ermənistanın Aİ-yə üzvlüyünü Avrasiya İqtisadi Birliyi ilə uzlaşmadığını ortaya qoyur:

“Bu isə sadəcə olaraq təzyiq ritorikası kimi dəyərləndirilməlidir. Çünki Ermənistanın Aİ-yə üzvlüyü hələ gerçəkləşməyib. Ortada sadəcə bir niyət var. Bu niyyətin həyata keçməsi üçün isə uzun zamana ehtiyac duyulur. Yəni Ermənistanın hansı tələblərlə qarşılacağı bəlli deyil. Son bəyanatlar da Rusiyanın Cənubi Qafqazdan çıxmaması və Paşinyan hakimiyyətinə təzyiq edərək maraqlarının təmin edilməsinə hesablanıb. Ermənistan tərəfi də bunun fərqindədir. Ona görə də Paşinyan Rusiya ilə münasibətlərin qorunmasına çalışır”.