Aİ-dən SOS siqnal: “Putin NATO ölkələrinə hücum əmri verə bilər”

Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Rusiya Prezidenti Vladimir Putinin NATO-ya üzv qonşu ölkələrə qarşı hərbi hücuma hazırlaşa biləcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Sherg.az xəbər verir ki, Kubilius İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində bildirib ki, Avropa kəşfiyyat xidmətləri Kremlin belə bir addıma hazır ola biləcəyini istisna etmir.

O iddia edib ki, Rusiya Ukraynadakı müharibədə bütün hərbi istehsal gücündən istifadə etmir və ehtiyat toplamağa davam edir.

“Əgər Rusiya ölkələrimizə qarşı hücuma başlasa, milyonlarla pilotsuz uçuş aparatından istifadə edə bilən və döyüş təcrübəsi qazanmış ordu ilə qarşılaşacağıq”, - deyə Kubilius bildirib.

Aİ rəsmisi ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq planlarının Avropanı öz müdafiə imkanlarını gücləndirməyə məcbur etdiyini vurğulayıb.

Kubilius həmçinin Avropada vahid sürətli müdaxilə qüvvəsinin yaradılmasının müzakirə olunduğunu, müdafiə sənayesində isə koordinasiya və ortaq bazar çatışmazlığının ciddi problem olaraq qaldığını qeyd edib.