Cəbhədə vəziyyət dəyişir: Rusiya qoşunları Xarkov və Dnepropetrovskda irəlilədi

Rusiya Silahlı Qüvvələri Lesnoye, Novopodqorodnoye, Karaiçnoye və Budarki yaşayış məntəqələrini nəzarətə götürüb

Ötən həftə ərzində xüsusi hərbi əməliyyat zonasında 10 yaşayış məntəqəsi Rusiya qoşunlarının nəzarətinə keçib. Onlardan dördü son sutka ərzində ələ keçirilib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, söhbət Dnepropetrovsk vilayətində yerləşən Lesnoye və Novopodqorodnoye, həmçinin Xarkov vilayətindəki Karaiçnoye və Budarki yaşayış məntəqələrindən gedir.

Nazirliyin açıqlamasında deyilir:

“23–29 may tarixlərində “Şimal” qoşun qruplaşmasının bölmələrinin qətiyyətli fəaliyyəti nəticəsində Xarkov vilayətinin Qranov və Novovasilevka, Sumı vilayətinin isə Zapselye və Ryasnoye yaşayış məntəqələrinə nəzarət təmin olunub. Son sutka ərzində Xarkov vilayətinin Budarki və Karaiçnoye yaşayış məntəqələri azad edilib.

Bundan başqa, “Mərkəz” qoşun qruplaşmasının bölmələri son sutkada Dnepropetrovsk vilayətinin Novopodqorodnoye yaşayış məntəqəsini nəzarətə götürüb.

“Şərq” qoşun qruplaşmasının aktiv hücum əməliyyatları nəticəsində isə Zaporojye vilayətinin Vozdvijevka və Dnepropetrovsk vilayətinin Dobropasovo yaşayış məntəqələri azad olunub. Son sutka ərzində Dnepropetrovsk vilayətinin Lesnoye yaşayış məntəqəsi də nəzarətə götürülüb”.