Erməni iş adamı və keçmiş deputat Samvel Aleksanyana Rusiyaya girişə yenidən icazə verilməyib.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Aleksanyan İrəvan–Moskva reysi ilə Rusiyaya uçub. Həmin təyyarədə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşündə iştirak etmək üçün Moskvaya gedən Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da olub.
Məlumata əsasən, Simonyan Moskvada qarşılanaraq tədbirdə iştirakına şərait yaradılıb. Aleksanyan isə Rusiya sərhədçiləri tərəfindən hava limanında təxminən 6 saat saxlanılıb, yoxlamalardan keçirildikdən sonra ölkəyə buraxılmayıb.
Qeyd edək ki, 2024-cü ildə də “24news.am” nəşri Aleksanyana sahibkarlıq fəaliyyəti ilə əlaqədar Rusiyaya giriş qadağası qoyulduğunu yazmışdı. Həmin vaxt onun biznes fəaliyyətinin Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb etdiyi bildirilirdi.