Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq

Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə noyabrın 20-də “Le Monde” qəzeti məlumat yayıb.

Fransa prezidentliyinə yeni namizəd mətbuat konfransındakı çıxışına ölkədəki böhran, cəmiyyətdə narahatlığın artması, sosial tənəzzül, dövlət maliyyəsindəki böhran, siyasi geriləmə, ekoloji geriləmə və beynəlxalq böhranları sadalamaqla başlayıb.

Dominik de Vilpen namizədliyinin rəsmi qeydə alınması üçün tələb olunan 500 seçilmiş vəzifəli şəxsin imzasından təxminən 300-nü toplayıb.

Qeyd edək ki, 2005–2007-ci illərdə prezident Jak Şirakın dövründə Fransanın baş naziri vəzifəsini tutmuş Dominik de Vilpen bir neçə ildir prezidentlik uğrunda mübarizəyə hazırlaşır. Siyasətçi sağ mərkəzçi “Humanist Fransa” (La France humaniste) hərəkatını yaradıb.

Xatırladaq ki, Fransada növbəti prezident seçkiləri 2027-ci il aprelin 18-də keçiriləcək. Zərurət yaranarsa, ikinci tur mayın 2-də baş tutacaq. Hazırkı dövlət başçısı Emmanuel Makron seçkilərdə iştirak edə bilməyəcək. Çünki Fransa Konstitusiyası bir şəxsin ardıcıl olaraq iki beşillik müddətdən artıq prezident vəzifəsini tutmasını qadağan edir.

Hazırkı ictimai rəy sorğularına əsasən, “Milli Birlik” partiyasının namizədi Marin Le Pen ön sıralarda yer alır. Onun birinci turda səslərin 30 faizindən çoxunu toplaya biləcəyi bildirilir.