NATO gücünü itirir, Türkiyə yeni müttəfiqlər axtarır - Səxavət Məmməddən maraqlı TƏHLİL

  • "Türkiyənin atdığı addımlar normal qarşılanmalı, bundan sonra bir neçə ölkənin də eyni addımlar atacağının şahidi olacağıq”

Türkiyənin NATO ilə münasibətlərində təhlükəsizlik məsələləri fonunda mövcud narazılıqlar yenidən gündəmə gəlib. Xüsusilə Yaxın Şərqdə baş verən münaqişələr, Suriya və İraqdan qaynaqlanan təhlükələr Ankaranın alyansdan gözləntiləri ilə NATO-nun real müdafiə imkanları arasındakı fərqləri bir daha ortaya çıxarıb. Türkiyə NATO-nun mühüm üzvlərindən biri olsa da, hesab edir ki, alyansın Avropada formalaşdırdığı təhlükəsizlik arxitekturası ölkənin cənub sərhədlərindən qaynaqlanan təhdidlər qarşısında yetərli təminat yaratmayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın NATO-nun Yaxın Şərqdən qaynaqlanan təhdidlər fonunda Türkiyənin təhlükəsizliyini təmin edə bilmədiyi barədə açıqlaması da bu narazılıqların açıq ifadəsi kimi qiymətləndirilir. Fidanın sözlərinə görə, Türkiyə uzun illər Suriya və İraqdan qaynaqlanan təhlükələrlə üz-üzə qalıb və bu təhdidlər gələcəkdə yenidən ortaya çıxa bilər.

Bu baxımdan Türkiyənin təhlükəsizlik siyasətində NATO-dan asılılığın azaldılması, müstəqil müdafiə imkanlarının gücləndirilməsi və alternativ strateji tərəfdaşlıqların qurulması məsələləri xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, dünyada geosiyasi qarşıdurmaların artması və yeni regional təhlükəsizlik bloklarının formalaşması ənənəvi hərbi ittifaqların effektivliyi ilə bağlı suallar yaradır. Hakan Fidanın açıqlamaları da NATO-nun kollektiv müdafiə mexanizmlərinin Türkiyənin təhlükəsizlik ehtiyaclarına nə dərəcədə cavab verdiyi məsələsini yenidən gündəmə gətirir.

Araşdırmaçı-jurnalist Səxavət Məmməd Sherg.az-a deyib ki, NATO-nun son dövrlərdə, hətta Rusiya-Ukrayna müharibəsi və digər toqquşmalar fonunda demək olar ki, fəaliyyətsiz qaldığının şahidi oluruq:

“ NATO indiyədək yalnız Amerika ilə bağlı bir neçə məsələdə konkret olaraq vahid şəkildə addım atıb. Yerdə qalan digər məsələlərdə isə yalnız 4-cü maddəyə müraciət etməklə bu məsələləri ötüşdürüblər. İndiki mərhələdə, təbii ki, Yaxın Şərqdə baş verən proseslərdə NATO-nun özü birbaşa iştirak etməsə də, NATO üzvü olan dövlətlər bu prosesin içərisində yer alıblar. İstər Amerika, istərsə də Avropanın bir neçə ölkəsi, o cümlədən Böyük Britaniya, Fransa və digər dövlətlər bu proseslərdə iştirak edirlər. Məsələ ondadır ki, istər İraqda, istərsə də Suriyada baş verən proseslərdə NATO demək olar ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı xüsusi bir addım atmadı. Yəni Türkiyə öz təhlükəsizliyini təkbaşına təmin etməyə, bu proseslərin öhdəsindən gəlməyə çalışdı. Ona görə də Türkiyənin indiki mərhələdə narahatlığı və NATO ilə bağlı səsləndirdiyi fikirlər real vəziyyətə uyğun olaraq qiymətləndirilir”.

Analitik qeyd edib ki, Türkiyənin özündə də zaman-zaman NATO-dan çıxmaqla bağlı fikirlər səsləndirilirdi:

“ Belə fikirlər müxtəlif vaxtlarda səsləndirilsə də, Türkiyə hələ də NATO-nun üzvü olaraq qalmaqdadır. Dünyada baş verən proseslərə nəzər saldıqda görürük ki, məsələn, Ukrayna müharibəsində NATO konkret olaraq bir qərar verə bilmir. Yalnız silah və maliyyə yardımı həyata keçirir. Doğrudur Ukrayna NATO-nun üzvü deyil. Məsələn, Polşanın hava məkanı pozulduğu zaman NATO bir bəyanatdan başqa heç bir konkret addım ata bilmədi. Yaxud da digər ərazilərdə, Rumıniyada və başqa ölkələrdə baş verən hadisələr zamanı NATO konkret olaraq öz gücünü nümayiş etdirməyi bacarmadı. Müharibələrə qədər NATO çox böyük bir güc kimi görünürdü. Amma indiki mərhələdə onun əvvəlki gücə malik olmadığının şahidi oluruq. Amerika əslində NATO-dan bir qədər kənarlaşır. Məsələn, İranla bağlı toqquşmalarda gördük ki, NATO demək olar ki, bu prosesə qoşulmadı. Amerika bu prosesdə təkbaşına iştirak etdi. NATO indi qeyd edir ki, müdafiə alyansıdır. Bəli, NATO müdafiə alyansıdır. Amma indiki mərhələdə müdafiəni belə düzgün və effektiv şəkildə həyata keçirmək imkanlarına malik deyil. Ona görə də Avropa NATO-nun çətiri altından çıxaraq öz ordusunu yaratmağa çalışır. Amma burada da problem var. Amerika dolayısı ilə Avropa ölkələrindən ümumi daxili məhsulun 5 faizini müdafiəyə ayırmağı tələb edir. Paralel olaraq, həmin ölkələr öz təhlükəsizliklərini də təmin etməlidirlər. Avropa ölkələrində son dövrlər baş verən bütün hadisələr əslində NATO-nun özü ilə bağlı müəyyən problemlərin olduğunu göstərir.Bəs hazırkı mərhələdə dünyada nəyin şahidi oluruq? Bloklaşmaların artmasının şahidi oluruq. Yəni dövlətlərin daha çox kiçik bloklar şəklində hərəkət etdiyini görürük”.

S,Məmməd vurğulayıb ki, NATO-nun ən böyük problemlərindən biri onun həddindən artıq genişlənməsi oldu:

“Finlandiya, İsveç və digər ölkələri öz tərkibinə qatmaqla NATO əslində genişlənərək özü-özünə problemlər yaratdı. Çünki ərazi genişlənir, amma bu ərazilərin təhlükəsizliyinin təmin olunması və müdafiə qabiliyyətinin artırılması istiqamətində müəyyən problemlər yaşanır. Hazırkı dünya mənzərəsi göstərir ki, böyük təşkilatlar çox çətin dövr yaşayırlar. BMT, NATO, hətta Avropa İttifaqının özü belə son dərəcə ağır dövrünü yaşayır. Biz bunu İspaniyada baş verən proseslərdə də gördük. Yaxud da Ukrayna ilə bağlı məsələlərdə Avropa İttifaqının konkret olaraq vahid ittifaq şəklində hərəkət etmədiyinin şahidi oluruq.Ona görə də dövlətlər bloklaşmağa üstünlük verirlər. Məsələn, Türkiyənin təhlükəsizlik siyasətinə nəzər salaq. Türkiyə Məkkə sazişinə qoşuldu. Yeri gəlmişkən, həmin sazişə NATO-nun 5-ci maddəsinə bənzər bir maddə də əlavə olunub. Məkkə sazişinə həm Pakistan, həm də Səudiyyə Ərəbistanı və Türkiyə qoşulub. Pakistanın nüvə silahı var. Paralel olaraq, Qətər və bir neçə ölkə ilə də əməkdaşlıq əlaqələri genişləndirilib. Hazırkı dövrdə açıq şəkildə görünür ki, böyük təşkilatlardansa, kiçik bloklar daha əlverişli və çevikdir. NATO, Avropa İttifaqı və BMT kimi qurumlar çox böyük olduqları üçün müəyyən problemlərlə üzləşirlər. Böyük olduqlarına görə, idarəetmə və qərarvermə mexanizmlərində ciddi çətinliklər yaranır. Ona görə də kiçik bloklar və ən əsası, müttəfiqlər bu gün daha çox əhəmiyyət kəsb edir. Hansısa 30 ölkənin iştirak etdiyi böyük bir bloka daxil olmaqdansa, çox güclü bir müttəfiqlə strateji müqavilə bağlamaq və yaxud da güclü bir dövlətlə müttəfiq olmaq daha əlverişli və çevikdir. Ona görə də indiki dövrdə açıq şəkildə deyə bilərik ki, bundan sonrakı mərhələdə bu cür bloklaşmaların sayının daha da artacağının şahidi olacağıq. Türkiyə də fərqindədir ki, təhlükəsizlik məsələlərini yalnız NATO ilə həll etmək mümkün olmayacaq. Ankara özü də açıq şəkildə yeni tərəfdaşlıqlar axtarışındadır. Təbii ki, Türkiyə artıq bu gün deyil, bir neçə ildir ki, təhlükəsizlik siyasətində NATO-dan asılılığını, demək olar ki, azaldıb və bu istiqamətdə müstəqil şəkildə addımlar atmağa başlayıb. Ona görə də mən indiki mərhələdə Türkiyənin atdığı addımları normal qarşılayıram və bundan sonra bir neçə ölkənin də bu cür addımlar atacağının şahidi olacağımızı düşünürəm”.