“Mən Rusiya Prezidenti Vladimir Putindən daha çox asılıyam, nəinki o məndən”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Le Point” jurnalına müsahibəsində deyib
Nəşrin müxbiri müsahibə zamanı Belarus liderinə Qərbdə onun Putinə müəyyən məsələlərdə təsir göstərə bilməsi barədə fikirlərin mövcud olduğunu bildirib. Buna səbəb kimi onların tez-tez görüşməsi, həm rəsmi, həm də qeyri-rəsmi şəraitdə ünsiyyət qurması və bir sıra məsələlərdə oxşar mövqelərdən çıxış etməsi göstərilib.
“Açığını desəm, Rusiya Prezidenti ilə bu məsələni də müzakirə etmişik. Bu mövzunu mən özüm qaldırdım. Ona birbaşa dedim: “Qərbdə bəziləri Lukaşenkonun Putinə təsir etdiyini və sairəni qabardırlar”. Ona dedim: “Bəli, sən mənə təsir edirsən, mən də sənə”. Axı biz birlikdə siyasət yürüdürük. Bir-birimizə təsir edirikmi? Bəli, edirik. Mən müəyyən dərəcədə, daha az təsir göstərirəm. O isə daha çox təsir göstərir: mən ondan daha çox asılıyam. Bəli, biz bir-birimizə təsir edirik”, - Belarus lideri vurğulayıb.
Aleksandr Lukaşenko iddia edib ki, bu münasibətləri tərəflərdən birinin digərinin göstərişi ilə qərar qəbul etməsi kimi şərh etmək tamamilə yanlışdır.