Politoloq: İran-ABŞ gərginliyi qaydasız döyüş normalarını aşıb

İranda proseslər zaman keçdikcə daha mürəkkəb və dramatik xarakter alır. Fevralın 28-dən etibarən İsrail və ABŞ tərəfindən İrana endirilən hava zərbələri bölgədə gərginliyi yeni mərhələyə daşıdı. Hücumlara cavab olaraq, İran ordusu ABŞ-nin Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrindəki bazalarını bombalamağa başladı. Proseslərin gedişatında informasiya axını səngimək bilmir. İsrail mediası İranda yüksək rütbəli hərbi komandirlərin və ali dini lider Ayətullah Əli Xamneyinin öldüyünü yazır. İran tərəfi sözügedən məlumatı rəsmi olaraq təsdiqləyib. Cəmiyyət daxilində isə emosiyalar qarışıqdır. Xalqın bir çoxu, Xamneyinin ölümünü azadlıq hayqırışları ilə qeyd edərkən, digər bir qisim isə göz yaşları tökür. Hazırda hər kəs proseslərin hansı nəticə ilə yekunlaşacağına dair suallara qapılıb.

Mövzu ilə bağlı politoloq, Tofiq Abbasov Sherg.az-a bildirib ki, İran İsrail və ABŞ arasındakı münaqişə təxminən 1 aya başa çata bilər:

“Sonda nə İran parçalanacaq nə də rejim dəyişəcək. İsrail və ABŞ İrana qarşı birgə əməliyyat keçirir. İran isə İsraili bombalamaqla yanaşı, ABŞ-nin Yaxın Şərqdəki bazalarını hədəfə alır. Tərəflər arasında gərginlik qaydasız döyüş normalarını aşıb. İranın məqsədi Amerikanın Yaxın Şərq ölkələrindəki hərbi bazalarını məhv etməkdir. Yadınızdadırsa, hücumlardan öncə öldüyü deyilən, ali dini lider Əli Xamneyi bildirmişdi ki, ABŞ və İsrail birələşərək, İrana hücum etsə, proseslər region müharibəsinə çevriləcək. Bu ssenari çox təhlükəlidir. Məsələyə prinsipal mövqedən yanaşsaq, İrana hücum etmək, onun suverenliyinə və sərhədlərinin toxunulmazlığına təcavüz sayılır”. 

T.Abbasovun sözlərinə görə, İranın özünü müdafiə etməyə haqqı var:

“Digər tərəfdən isə, ABŞ və İsrail İrana hücum etmədən öncə bir sıra bəhanələrə sığındılar. Guya ki, İran proksi qüvvələri dəstəkləyir və hərbi məqsədlər üçün nüvə silahı hazırlayır. Eləcə də İran rəhbərliyinin "ABŞ-yə ölüm" şuarlarının Vaşinqton tərəfindən müharibə elementinə çevrilməsi absürddür. İran bu məsələdə ABŞ xalqını yox, sağçı mövqedə olan siyasətçiləri nəzərdə tuturdu. Bu arqumentlər zamanla çürüyüb. Sosial platformaların imkanları ilə prosesləri izləyən hər kəs, söylənən yalanlardan və bəhanələrdən xəbərdardır”. 

Politoloq bildirib ki, bəzi dairələr iyrənc və çirkin oyunlara qatılıblar:

“Ötən il 12 günlük müharibədə danışıqlar gedərkən ABŞ İranın nüvə obyektlərini bombaladı. Eyni hadisə bu ildə təkrarlandı. Məsələyə müqayisəli yanaşaq, ABŞ-nin hərbi cəhətdən üstün olduğunu deyə bilərik. Ancaq İranın gücü sadəcə raket potensialı ilə deyil, rejimə dəstək verən xalqla da ölçülməlidir. Ölkə əhalisinin 72 faizi dövlət sistemini dəstəkləyir. Onlar müharibə olacağı təqdirdə həmişə rəhbərin yanında dayanacaqlarını dilə gətirirlər. ABŞ danışıqlar zamanı İrandan raket və nüvə proqramından imtina etməyi, proksi qüvvələrə dəstəyi dayandırmağı, rejimin dəyişdirilməsini tələb edirdi. İran rəsmiləri isə qəti şəkildə ABŞ-yə tələb etdikləri şərtlərin təhlükəsizlikləri üçün ciddi risk daşıdığını bildiriblər. Tehran ABŞ-nin tələblərinə boyun əyən deyil”.  

T. Abbasovun qənaətinə əsasən, ABŞ İrana tələblərini, ölkəni strateji əhəmiyyətli layihələrdən çəkindirmək və zəiflətmək məqsədilə diktə edir:

“ABŞ-nin kəşfiyyat rəhbəri Tulsi Qabbard dəfələrlə ölkə rəhbərliyinə, əllərində İranın nüvə silahı üzrə araşdırmalar apardığında dair faktların olmadığını bildirmişdi. Lakin ABŞ lideri onu susması üçün Havay adalarına dincəlməyə yolladı. İsrail isə bu məsələdə proski qüvvə rolunu oynayır. Bəzi siyasi dairələr dövlətləri parçalamaq üçün bütün dünyanı bir-birinə vurmağa çalışırlar. Onların düşüncəsinə görə, yeni nizam və təşkilatlar böyük müharibələrdən sonra formalaşa bilər. Plan baş tutsa, özlərinə uyğun yeni dünya nizamı quracaqlar. Azərbaycanın strategiyası isə bu yanaşmadan fərqlidir. Ölkəmizə görə, köhnə qüvvə fəaliyyətdə olduğu təqdirdə, onun çatışmazlıqlarından yox, üstünlüklərindən danışmaq lazımdır. Azərbaycan boşluqların aradan qaldırılması üçün ən yaxşı yolu diplomatik görüşlər və danışıqlarda görür”.

Aybəniz Səfərova