Politoloq: Vaşinqton yaxında Moskva ilə Kiyev arasında ciddi diplomatik nəticəyə inanmır

Ukrayna ilə bağlı Rusiya-Amerika sülh təşəbbüsü əsasən Kiyev rejiminin sülh üçün siyasi iradəsinin olmaması və daim gərginləşmə istəyi səbəbindən "dayandırılır".

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində MDB Təhlükəsizlik Şurası katiblərinin qeyri-rəsmi görüşündə bildirib ki, Rusiya-Amerika sülh təşəbbüsü təəssüf ki, ləngiyir. Onun həyata keçirilməsinə əsas maneə Kiyev rejiminin sülh üçün siyasi iradəsinin tam olmaması və daim gərginləşmə istəyidir.

Politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, ABŞ diplomatiyasının hazırda əsas resurslarını Yaxın Şərqdəki proseslərə sərf etməsi Ukrayna istiqamətində əvvəlki intensivliyin qorunmasını çətinləşdirib. Onun sözlərinə görə, Vaşinqton yaxın perspektivdə Moskva ilə Kiyev arasında ciddi diplomatik nəticənin əldə olunacağına inanmır. Məhz buna görə də ABŞ administrasiyası bu prosesdə müəyyən qədər gözləmə mövqeyi tutmağa üstünlük verir:

"Rusiyanın hərbi və iqtisadi imkanları hələ tam tükənmədiyi üçün Kremlin qısa zamanda güzəştə məcbur ediləcəyi real görünmür. Bununla yanaşı, Ukraynanın son dövrlərdə əldə etdiyi hərbi uğurlar gələcək danışıqlar prosesinə təsirsiz ötüşməyəcək. Bu dinamika davam edərsə, Rusiya müəyyən mərhələdə daha yumşaq mövqe nümayiş etdirməyə məcbur qala bilər".