Putinin gizli hədəfi - “26 milyard dollarlıq ölümsüzlük layihəsi” dünya mediasında

ABŞ-ın nüfuzlu nəşri olan The Wall Street Journal Rusiya Prezidenti Vladimir Putinin yaşlanmanın qarşısının alınması və insan ömrünün uzadılması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrə xüsusi maraq göstərdiyini iddia edib.

Nəşrin məlumatına görə, Kremlin dəstəklədiyi proqramlar arasında gen terapiyası, laboratoriya şəraitində insan toxumalarının yetişdirilməsi və transplantasiya məqsədilə insan orqanlarının hazırlanması kimi istiqamətlər yer alır.

26 milyard dollarlıq proqram

Məlumata əsasən, Rusiya hökuməti “Yeni Sağlamlığın Qorunması Texnologiyaları” adlı təxminən 26 milyard dollarlıq proqram çərçivəsində hüceyrələrin qocalmasını ləngitməyə yönəlmiş gen terapiyası üzərində işləyir.

Denis Sekirinski bu preparatı “yaşlanma ilə mübarizədə ən perspektivli yanaşmalardan biri” kimi qiymətləndirib.

Laboratoriyada insan orqanları yetişdiriləcək?

Layihənin ən iddialı məqsədlərindən biri gələcəkdə transplantasiya üçün istifadə oluna biləcək insan orqanlarının laboratoriya şəraitində hazırlanmasıdır. Plana əsasən, bəzi istiqamətlər üzrə araşdırmaların 2030-cu ilə qədər praktik nəticələr verməsi nəzərdə tutulur.

Layihəyə Putinin qızı da rəhbərlik edir

Məlumata görə, proqramın əsas koordinatorları arasında Putinin qızı, endokrinoloq Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri, fizik Mixail Kovalçuk yer alır.

Kovalçuk hesab edir ki, gələcəkdə insan orqanizminin müxtəlif hissələrinin mütəmadi olaraq bərpası və dəyişdirilməsi mümkün olacaq.

Sovet dövründən gələn ideya

Uzunömürlülük və qocalmaya qarşı mübarizə istiqamətində araşdırmaların kökləri Sovet dövrünə gedib çıxır. XX əsrin əvvəllərində bir sıra sovet alimləri insan ömrünün 120-150 ilə qədər uzadıla biləcəyini iddia edirdilər.

Bu sahədə tanınan alimlərdən biri olan Vladimir Havinson də insanların 120 yaşa qədər yaşaya biləcəyini müdafiə edirdi. O, 2024-cü ildə 77 yaşında vəfat edib.

Ekspertlər ehtiyatlı yanaşırlar

Qərb alimləri isə Rusiyada aparılan bu tədqiqatların bir hissəsinin beynəlxalq elmi jurnallarda kifayət qədər təqdim olunmadığını vurğulayırlar. Buna görə də bəzi mütəxəssislər açıqlanan məqsədləri hazırkı mərhələdə elmi nəticədən daha çox uzunmüddətli ambisiya kimi qiymətləndirirlər.

Məqalədə qeyd olunur ki, Putin illərdir idmanla məşğul olan, sağlam həyat tərzini təbliğ edən lider obrazı yaratsa da, onun qocalma və uzunömürlülük məsələlərinə xüsusi həssaslıqla yanaşdığı iddia edilir.

Bununla yanaşı, statistik məlumatlara görə, Rusiyada kişilərin orta ömür uzunluğu təxminən 68 il təşkil edir. Bu göstərici ABŞ-da 76, Qərbi Avropa ölkələrində isə 80 ildən yuxarıdır.