Tramp özünü "dünyanın ən böyük ulduzu" adlandırdı

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonda Müstəqillik Günü münasibətilə keçiriləcək və ABŞ-nin 250 illiyinə həsr olunmuş tədbirdə bəzi sənətçilərin çıxışlarını "dünyanın ən böyük ulduzu"nun mitinqi ilə əvəz edə bilər.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Siyasətçi bildirib ki, bəzi ifaçılar ABŞ-nin 250 illiyi münasibətilə keçiriləcək konsertdə iştirak etməklə bağlı tərəddüd edirlər.

"Düşünürəm ki, dünyanın ən böyük ulduzunu dəvət edim. Karyerasının ən parlaq dövründəki Elvisdən daha çox tamaşaçı toplayan, bunu gitara olmadan edən, ölkəmizi hamıdan çox sevən və bəzilərinin tarixdə ən böyük prezident adlandırdığı (ƏN BÖYÜK!) Donald Trampı", - deyə dövlət başçısı yazıb.

Prezident əlavə edib ki, sənətçilərin çıxışları əvəzinə Vaşinqtonda "Amerika qayıtdı" adlı mitinqin keçirilməsi imkanının araşdırılmasını tapşırıb.

Bundan əvvəl CBS telekanalı xəbər vermişdi ki, "Freedom 250" qeyri-kommersiya təşkilatı Vaşinqtonda ABŞ-ın 250 illiyi münasibətilə çıxış etməsi planlaşdırılan sənətçilərin ilkin siyahısını açıqlayıb. Lakin qısa müddət sonra ulduzların böyük hissəsi tədbirdə iştirakdan imtina edib.