Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri İstanbulda görüşəcəklər

Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin avqust ayında İstanbulda görüşü planlaşdırılır.

Sherg.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, həmçinin mübahisələrin diplomatik yolla həlli mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı bu ay İstanbulda keçiriləcək və Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin iştirak edəcəyi regional görüşə dəvət edib”, - deyə nəşrdə qeyd edilir.

Qarşıdakı görüş dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq.

Daha əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri Qahirədə görüşmüşdülər.