Hazırkı mərhələdə Moldovanın NATO-ya üzvlük ehtimalı azdır, çünki ölkə vətəndaşlarının əksəriyyəti bu ideyanı dəstəkləmir.
Teleqraf xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mihai Popșoi “Vocea Basarabiei” radiosunda bildirib.
Nazir qeyd edib ki, regiondakı təhlükəsizlik vəziyyətinə baxmayaraq, NATO-ya üzvlük məsələsində əsas amil vətəndaşların iradəsidir. O, mövzunun populyar olmaması səbəbindən Moldova siyasətçilərinin bu barədə açıq müzakirələrdən yayınmasına təəssüfləndiyini də vurğulayıb.
“İstənilən beynəlxalq təşkilata üzvlük kimi, NATO-ya qoşulmaq da vətəndaşlarımızın iradəsindən asılıdır. Geniş ictimai dəstək olarsa, bu, ciddi perspektivə çevrilə və gündəliyə daxil edilə bilər. Hazırda bunun üçün dəstək yoxdur”, – deyə Popşoy bildirib.
Xarici işlər naziri əlavə edib ki, şəxsən NATO ilə əməkdaşlıq ideyasını dəstəkləyir və hesab edir ki, bu mövzu cəmiyyətdə və mediada daha açıq müzakirə olunmalıdır. Onun sözlərinə görə, siyasətçilər çox vaxt bu müzakirələrdən yayınırlar.
Popşoy Şimali Atlantika Alyansını təhlükəsizliyin təminatçısı adlandırıb və Kişinyovdakı NATO mərkəzində çalışdığı dövrə istinad edib.
Qeyd edək ki, mayda “iData” şirkətinin dərc etdiyi son sorğunun nəticələrinə görə, Moldova vətəndaşlarının 54,5%-i ölkənin NATO-ya üzvlüyünü dəstəkləmir. Respondentlərin 33,6%-i isə alyansa inteqrasiyanın tərəfdarıdır.