Moldova Rusiyanın səfirinin ölkədən çıxarılmasını nəzərdən keçirmir.
Bunu Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi “Qolos Bessarabiya” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moldova ilə Rusiya arasındakı münasibətlər hələ səfirlərin geri çağırılması və ya ölkədən çıxarılması səviyyəsinə çatmayıb.
“Belə sərt addımın simmetrik və ya asimmetrik cavab doğuracağı aydındır. Buna görə də regional təhlükəsizlik vəziyyətinin mürəkkəbliyini nəzərə almalı və addımlarımızı buna uyğun ölçüb-biçməliyik”, – deyə Popşoi vurğulayıb.
Qeyd edək ki, Kişinyov və Moskva arasında münasibətlər 2021-ci ildə Maya Sandu və onun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyasının hakimiyyətə gəlməsindən sonra soyumağa başlayıb. 2022-ci ildə Moldova Rusiyaya qarşı sanksiyalara qoşulduqdan və onlarla rus diplomatını ölkədən çıxardıqdan sonra münasibətlər daha da pisləşib.