Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün PAC-3 raketlərinin istehsalına lisenziyaların verilməsini xahiş etdiyini bildirib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, Zelenski bunu İsveç Baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ABŞ ilə bu məsələ üzrə danışıqlar hələ Co Bayden dövründə başlayıb və Donald Trampın administrasiyası zamanı da davam edir.
"Mən çox istərdim ki, Ukrayna PAC-3 istehsalı üçün lisenziyalar alsın", - Zelenski qeyd edib.
Zelenski həmçinin prosesi sürətləndirmək xahişi ilə ABŞ prezidentinə və Konqresə məktub yazdığını bildirərək, əlavə raket tədarükünün və antiballistik sistemlərin istehsalının genişləndirilməsinin zəruriliyini vurğulayıb.