Ekoloq: Ölkəmizdə quraqlıq dövrü bitib, rütubətli, yağıntılı dövr başlayıb

Burada qorxulu bir şey yoxdur, sadəcə, biz bu yağıntılı dövr üçün hazırlıqlı olmalıyıq 

Noyabrın 5-dən etibarən qarşıdakı bir neçə gün ərzində havaların yağıntılı keçəcəyi proqnozlaşdırılır. Lakin Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatlarına əsasən, noyabr ayında havanın orta aylıq temperaturunun və yağıntıların miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər yüksək olacağaq. Noyabr ayının ikinci yarısından etibarən ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması və temperaturun aşağı düşəcəyi bildirilir. 

AMEA Coğrafiya İnstitununu şöbə müdiri, ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, iqlim dəyişikliyi, adi yağışın, qarın az və ya çox yağmağı deyil, təbiətin 30-50 ildən bir, elmdəki dövrilik qanununun nəticəsi ilə dəyişilmələrə səbəb olmasıdır: 

- Ölkəmizdə quraqlıq dövrü bitib, rütubətli, yağıntılı bir dövr başlayıb. Bu, təbiətin təxminən 30-40-50 ildən bir özünü büruzə verən kainatın və Günə sisteminin çoxillik dövrilik qanununun nəticəsidir. Planetdə heç bir hadisə yalnız bir dəfə baş vermir. Təbiətdə dövrilik qanununa uyğun olaraq quraqlıq dövrləri ilə yağıntılı dövrlər mütəmadi olaraq yerini dəyişir, bir-birini əvəz edir. Hazırda müşahidə olunan anomal hava şəraiti və onunla yanaşı intensiv yağıntılar da məhz quraqlıq tsiklinin bitməsindən sonra başlayan yeni yağıntılı dövrün göstəricisidir. Məsələn, Azərbaycanda leysan xapakterli, güclü yağıntılı dövr sovet illərində, 1968-ci ildə olub. Sonra uzunmüddətli quraqlıq dövrü başlayıb. 2024-cü ildən etibarən növbəti çoxillik yağıntı və rütubətlilik dövrü başlayıb. Burada qorxulu bir şey yoxdur. Sadəcə, biz bu yağıntılı dövr üçün hazırlıqlı olmalıyıq.