Ağ Ev ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsi çərçivəsində Türkiyəyə etdiyi səfərdən və Prezident Rəcəb Tayyib Ərdoğanl ilə keçirdiyi görüşdən məmnun qaldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karoline Leavitt gündəlik brifinqdə bildirib ki, Tramp Türkiyə səfərini yüksək qiymətləndirib.
“Prezidentin Türkiyə səfərindən böyük məmnunluq duyduğunu bilirəm. O, həmçinin Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən də çox razı qalıb və iki ölkə arasındakı ikitərəfli münasibətlərə böyük önəm verir”, – deyə Leavitt vurğulayıb.
Ağ Ev sözçüsü əlavə edib ki, Tramp NATO müttəfiqlərinin kollektiv müdafiə məqsədilə hərbi xərcləri artırmaq istiqamətində atdığı addımlardan da məmnundur.
Brifinqdə İran məsələsinə də toxunan Leavitt bildirib ki, Vaşinqtonun zərbələrindən sonra Tehran ABŞ ilə razılaşma əldə etmək istədiyini bəyan etməyə davam edir. Onun sözlərinə görə, ABŞ administrasiyası İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərini memorandumun pozulması kimi qiymətləndirir.