“Alov lap yanımızdadır - region böyük təhlükə ilə üz-üzədir” - Hulusi Kılıç

"Türkiyə və Azərbaycan bu müharibənin mümkün qədər tez başa çatmasının tərəfdarıdır"

4 mart tarixində İrandan atılan raketi İraq və Suriya ərazilərindən keçdikdən sonra Türkiyədə, Şərqi Aralıq dənizində, NATO-nun Hava və Raket Bölmələri məhv etdi. Dünən isə oxşar bir raket yenə Şərqi Aralıq dənizində, Qaziantep üzərində vuruldu.

Həm 4 martda, həm də dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışığı apararaq raketlərin atılmasından yaranan narahatlığı ifadə etdi.

Başqa sözlə, Türkiyənin həm öz torpaqlarının, həm də hava məkanının pozulduğu, bu raketlərin ciddi pozuntu təşkil etdiyini vurğuladı. O, Türkiyənin öz hava məkanını və ərazisini qorumağa qadir olduğu, belə hücumlar baş verərsə, cavab vermək hüququndan istifadə edəcəyini söylədi.

Sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a İran-Türkiyə və Azərbaycan münasibətlərindən danışıb:

"Dünən Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan ilə telefonla danışaraq “keçmiş olsun” diləklərini çatdırdı. Bundan başqa, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Hakan Fidan ilə telefon əlaqəsi saxladı.

Bu isə Türkiyə ilə Azərbaycan arasında qardaşlığın, həmrəyliyin və əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Naxçıvana düşən raketlərdən sonra da iki ölkənin prezidentləri, xarici işlər nazirləri və müdafiə nazirləri dərhal əlaqə saxlayaraq hadisədən duyduqları narahatlığı ifadə etdilər".

Sabiq səfir vurğulayıb ki, alov bizim lap yanımızdadır:

"Avropalılar və amerikalılar da bu alovdan təsirlənirlər. İran bizim qonşumuzdur. İranda yaşayan təxminən 35 milyon Azərbaycan türkü var.

Onların can təhlükəsizliyindən ciddi şəkildə narahatıq. Türkiyə və Azərbaycan bu müharibənin mümkün qədər tez başa çatmasının tərəfdarıdır. Atəşkəs üçün səylər göstərilir. Əslində bu müharibənin heç bir əsaslandırması yoxdur. Hamı bilir ki, bu müharibəni birtərəfli şəkildə Amerika və İsrail başlatdı.

Məktəblərin, tələbələrin və günahsız insanların yaralanması və ölümü insanlıq cinayətidir". 

Müsahibimiz bildirib ki, hüququn aliliyi tamamilə yox olub, onun yerinə gücün hüququ tətbiq olunur:

"Bu o deməkdir ki, dünyada mövcud nizam tamamilə alt-üst olub. Dünya nizamının tezliklə bərpa olunması lazımdır. Əks halda insanlıq böyük fəlakətə doğru sürüklənəcək. Bundan əlavə, İranın qonşu ərəb ölkələrinə göndərdiyi raketləri də bilirik. Bu raketlər hər nə qədər Amerika hərbi bazalarına yönəldilsə də, faktiki olaraq suveren və müstəqil dövlətlərin ərazilərinə atılmış sayılır.

Bu səbəbdən İranın qonşu Türkiyə və Azərbaycana qarşı hər hansı addım atarkən buna diqqət etməsi, bu cür hadisələrin mülki əhaliyə zərər verə biləcəyini nəzərə alması bir daha vurğulanmalıdır.

Yaşasın sülh, yaşasın sabitlik".