- "Türkiyə Ermənistanla normallaşmanı Azərbaycanın maraqlarına uyğun aparır"
- Hasan Oktay: "Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli sülh olmadan sərhədlər açılmayacaq"
Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması Cənubi Qafqazda dövlətlərarası münasibətlərə yeni dinamika gətirib. Artıq sülh çətiri altında bir araya gələn dövlətlər qopan əlaqələri yenidən bərpa etməyə çalışırlar. Bakı və İrəvan arasında sülh sazişi istiqamətində atılan addımlar Ankara ilə İrəvan arasındakı normallaşma prosesinə də təkan verir. Hazırda ikitərəfli gündəliyin əsas mövzusunu sərhədlərin açılması məsələsi təşkil edir.
Mayın 4-də İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan tarixi Ani körpüsünün birgə bərpasına dair protokol imzalayıblar. Avqustun 4-də İrəvanda toplaşan tərəflər Ani körpüsünün bərpası üzrə işçi qrupunun növbəti görüşünü keçiriblər. Protokol normallaşma prosesində konkret əməkdaşlığa çevrilən ilk praktiki addımlardan biri hesab olunur.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Ani körpüsü tarixi, simvolik və geosiyasi baxımdan Türkiyə və Ermənistan üçün mühüm əhəmiyyət daşıyır:
“X-XI əsrlərdə Arpaçay üzərində inşa edilən Ani körpüsü orta əsrlərin mühüm ticarət və mədəniyyət mərkəzlərindən sayılan Ani şəhərinin ayrılmaz hissəsidir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Ani yüksək mühəndislik və memarlıq səviyyəsini əks etdirir. Bu baxımdan körpü bəşəriyyət üçün ortaq mədəni irs nümunəsi hesab olunur. Körpünün bərpası başa çatdıqdan sonra regionda turizm potensialının artacağı, sərhədyanı ərazilərdə iqtisadi aktivliyin canlanacağı gözlənilir”.
Politoloqun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədinin statusu və onun açılması ehtimalları barədə cəmiyyətdə bir sıra yanlış yanaşmalar mövcuddur:
“Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Cənubi Qafqazın üç müstəqil dövlətini tanısa da, diplomatik əlaqələr yalnız Azərbaycan və Gürcüstanla yaradıldı. Ermənistanla münasibətlərin qurulması isə təxirə salındı. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsi idi. 1993-cü ilin mayında Ermənistanın Kəlbəcər rayonunu işğal etməsindən sonra Türkiyə Ermənistanla quru sərhədini bağladı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarıldı. Sərhədin bağlanmasına səbəb olan hüquqi maneələr aradan qalxsa da, Ankara bu məsələni diplomatik təzyiq vasitəsi kimi əlində saxlayır”.
Müsahib qeyd edib ki, Türkiyənin məqsədi Azərbaycan, Türkiyə və Ermənistan arasında davamlı regional sülhün təmin edilməsidir:
“Ona görə də üçtərəfli sülh mexanizmi qurulmadan sərhədlər tam şəkildə açılmayacaq. Eyni zamanda, Avropa İttifaqı və digər beynəlxalq oyunçular normallaşma prosesini sürətləndirməyə çalışırlar. Lakin Azərbaycan-Ermənistan münasibətlərində davam edən fikir ayrılıqları və regional nəqliyyat-kommunikasiya layihələri ətrafındakı mübahisələr bu prosesi ləngidən əsas amillər olaraq qalır. Ankara Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanla yekun sülh sazişinin imzalanmasını əsas siyasi şərt hesab edir. Bu baxımdan Ani körpüsü kimi mədəni layihələr rəmzi addım olsa da, sərhədin tam açılması geniş geosiyasi razılaşmalardan asılıdır”.
H. Oktayın qənaətincə, Türkiyə-Ermənistan normallaşması Cənubi Qafqazın geosiyasi reallıqları və tarixi ziddiyyətləri kontekstində çoxşaxəli mahiyyət kəsb edir:
“Sərdar Kılıç və Ruben Rubinyanın rəhbərlik etdiyi danışıqlar iki ölkə arasında birbaşa dialoqun qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İkitərəfli münasibətləri Cənubi Qafqazdakı geosiyasi proseslərdən ayrı qiymətləndirmək mümkün deyil. Zəngəzur marşrutu, regional güc balansı, diaspor təşkilatlarının təzyiqi və Ermənistanın bəzi siyasi-hüquqi yanaşmaları prosesin gedişinə təsir göstərir. Türkiyə Ermənistanla münasibətləri normallaşdırarkən bu prosesin Azərbaycanın maraqları ilə uzlaşdırılmasını əsas prinsip kimi qəbul edir. Ani körpüsünün bərpası ikitərəfli prosesdə köklü dəyişiklikdən daha çox, sadəcə "yumşaq güc" aləti kimi çıxış edir. Bununla belə, sərhədlərin tam açılması yalnız Bakı, İrəvan və Ankara arasında qarşılıqlı etimada əsaslanan üçtərəfli sülh platformasının formalaşmasından asılıdır.”