Naqif Həmzəyev: “Kəlbəcərin bərpası hüquqi və tarixi qələbəmizin ən parlaq göstəricisidir”
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi, məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır.
Qeyd edək ki, 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdi. Bu işğal nəticəsində on minlərlə dinc sakin qarlı dağ yolları ilə didərgin düşdü, yüzlərlə insan həyatını itirdi. Əhali öz evlərini, torpaqlarını, mal-qarasını geridə qoyaraq məcburi köçkünə çevrildi. Bununla insanların ən əsas hüquqları – yaşamaq, təhlükəsizlik, mülkiyyət və doğma yurduna sahib olmaq hüquqları kobud şəkildə pozulub.
1992–1993-cü illərdə Azərbaycanın strateji əhəmiyyətli mövqeləri bir-birinin ardınca itirilib. Əvvəlcə Şuşa şəhəri, sonra Laçın rayonu düşmənin əlinə keçdi. 1993-cü ilin aprelində isə Kəlbəcərin işğalı ilə Ermənistan faktiki olaraq Dağlıq Qarabağla birbaşa quru əlaqəsi yaratdı. Bu hadisə təkcə hərbi baxımdan deyil, həm də siyasi və geosiyasi baxımdan çox ciddi nəticələr doğurdu.

Şuşa və Laçının işğalı Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarət imkanlarını tamamilə zəiflətdi. Kəlbəcərin düşmən tərəfindən ələ keçirilməsi isə Qarabağla Ermənistan arasında möhkəm körpü yaratdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü daha böyük təhdid altına düşdü, xalqın öz torpaqlarında sərbəst yaşamaq və inkişaf etmək hüququ ciddi şəkildə zədələndi. Bu rayonların ard-arda itirilməsi həm də humanitar fəlakətə səbəb olub. On minlərlə insan evsiz-eşiksiz qaldı, yüz minlərlə məcburi köçkün ordusu yaranıb. Bu insanların sosial müdafiəsi, təhsil və səhiyyə hüquqları da pozuldu. Əslində, Azərbaycanın strateji bölgələrinin itirilməsi təkcə torpaq itkisi deyildi – bu, insanların həyatının, gələcəyinin və hüquqlarının əllərindən alınması demək idi. O dövrün hakimiyyətində siyasi çəkişmələr üstünlük təşkil edirdi deyə torpaqların müdafiəsi təmin olunmadı. Bu isə vətəndaşların dövlət tərəfindən qorunmaq hüququnun pozulması demək idi.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Kəlbəcərin və digər işğal olunmuş rayonların azad olunması ilə bağlı bir neçə qətnamə qəbul etdi. Bu sənədlərdə açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunurdu. Lakin qəbul edilən bu sənədlər sadəcə kağız üzərində qaldı. Onların icrası üçün beynəlxalq mexanizmlər işə salınmadı. Beləliklə, ədalət bərpa olunmadı, Azərbaycan xalqının hüquqları qorunmadı. Bu, bir daha göstərdi ki, beynəlxalq hüquq normaları bəzən yalnız siyasi maraqlara xidmət edir və insan hüquqları prinsiplərinə seçici yanaşma tətbiq olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ münaqişənin sülh yolu ilə həllinə vasitəçi kimi çıxış edirdilər. Amma reallıqda onlar prosesin uzanmasına, münaqişənin “dondurulmuş” vəziyyətdə qalmasına maraqlı idilər. Ermənistana gizli və açıq şəkildə hərbi-siyasi dəstək göstərildi, milyardlarla dollar dəyərində silah-sursat ötürüldü. İşğalçı dövlət beynəlxalq platformalarda müdafiə olundu, məsuliyyətə cəlb olunmadı. Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə region xalqlarının sülh və təhlükəsizlik hüququna zidd idi.
Nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkün statusunda yaşamağa məcbur oldu. Onlar öz evlərinə, kəndlərinə, şəhərlərinə qayıda bilmədilər. İnsanların mülkiyyət hüquqları tapdalandı, evlər, təsərrüfatlar, tarixi və mədəni abidələr dağıdıldı və ya mənimsənildi. Məcburi köçkünlərin sosial müdafiə, təhsil, səhiyyə və normal yaşayış hüquqları uzun illər ərzində məhdudlaşdırıldı. Ən ağrılı məqam isə odur ki, bütün bu humanitar fəlakət və insan hüquqlarının pozulması beynəlxalq siyasətin alətinə çevrildi. Azərbaycanın haqq səsi eşidilmədi, ədalət prinsipi qorunmadı. Beləliklə, beynəlxalq güclərin ikili standartları insanların faciəsini daha da dərinləşdirdi, bölgədə uzun illər davam edən gərginliyin əsas səbəblərindən birinə çevrilib. Azərbaycanın işğalda olan ərazilərini alver predmetinə çevirməyə, 5 rayonu sözdə azad edib, Kəlbəcər və Laçının taleyini gələcəyə saxlamaq istəyənlər var idi bir zamanlar.
Lakin 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Kəlbəcər azad edildi. Daha doğrusu, 44 günlük müharibədən sonra Ermənistan ordusu Kəlbəcəri döyüşsüz tərk etməyə vadar oldu. Lakin verilən möhlətdən sui-istifadə edən işğalçılar gedərkən Kəlbəcərə od vurdu, evləri, təsərrüfatları, obyektləri darmadağın etdi. Hətta dünya miqyasında tanınmış İstisu sanatoriyasını, sovetlər dövründən qalan sülh abidəsini də viran qoydular.
Ardınca Prezident İlham Əliyevin Kəlbəcərə dəfələrlə səfərləri, Murovdağ tunelinin texniki açılışı kimi nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün görülən genişmiqyaslı işlər artıq yeni bir mərhələ açdı.
Bu səbəbdən də kəlbəcərlilərin evlərinin açarlarının dövlət başçısı tərəfindən təqdim olunması sadəcə rəmzi hadisə deyil, bu, 30 il ərzində pozulmuş yaşamaq, təhlükəsizlik, mülkiyyət və doğma yurda sahib olmaq hüquqlarının bərpası deməkdir. İnsanlarımız illərlə həsrətini çəkdikləri torpaqlarına geri dönür, dövlət isə onların layiqli və təhlükəsiz həyatını təmin edir.
Beləliklə, ədalət bərpa olunub, Kəlbəcərsizliyin ağrı-acısı tarixə çevrilib. Bu gün yenidən qurulan Kəlbəcər və digər azad olunmuş bölgələr həm ölkəmizin ərazi bütövlüyünün bərpasının, həm də Azərbaycan vətəndaşlarının fundamental hüquqlarının təmin olunmasının ən parlaq nümunəsinə çevrilib.
Ölkə başçısının Kəlbəcər səfərini şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev “Şərq”ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri, sakinlərə evlərinin açarlarının təqdim edilməsi, bölgədə genişmiqyaslı yenidənqurma işlərinin aparılması bu rayondan olan məcburi köçkünlərin hüquqlarının bərpası baxımından tarixi və hüquqi əhəmiyyət daşıyır:
“44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın rəşadətli ordusu kənd və rayonları işğaldan azad etdi. Məhz cənab Prezident tərəfindən verilmiş düzgün qərar nəticəsində bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam Azərbaycana qaytarıldı. Bu qərarın çox düzgün olduğunu biz sonrakı dövrdə daha yaxşı dərk etdik. Xüsusilə də Laçın yolunun tam nəzarətə götürülməsi və Kəlbəcər və Laçın arasında yeni yolun çəkilməsi, eyni zamanda Gəncə istiqamətindən də tunellərdən keçməklə alternativ yolun inşası məsələləri Kəlbəcərin inkişafı üçün çox önəmli layihələrdən biridir. Kəlbəcər tək Azərbaycanın deyil, regionun və dünyanın ən füsunkar məkanlarından biridir. Kəlbəcər rayonunun çox böyük turizm potensialı var. Kəlbəcər rayonunda çox zəngin yataqlar, təbii sərvətlər mövcuddur. Kəlbəcər rayonunun iqtisadi potensialının Azərbaycan iqtisadiyyatına birləşdirilməsi Azərbaycan iqtisadiyyatına gətirib çıxaracaq. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən mərhələli layihələr həyata keçirilir. Şükürlər olsun ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın tərkib hissəsi olaraq məcburi köçkünlərin Kəlbəcərə də geri dönməsinə şahidlik etməkdəyik. Cənab Prezidentin səyləri nəticəsində Kəlbəcərin İstisu sanatoriyasının məhsulu öz əvvəlki məşhurluğunu qaytarır.
Kəlbəcərdə həyata keçirilən uğurlu layihələr rayon iqtisadiyyatının inkişaf etməsinə, Kəlbəcərdə yaşayacaq sakinlərin məşğulluq probleminin həllinə çox böyük töhfə olacaq. Biz inanırıq ki, Kəlbəcərdə yaşamağa başlayacaq keçmiş məcburi köçkünlər dövlət tərəfindən həyata keçirilən uğurlu layihələrə öz töhfələrini verəcəklər və biz tezliklə digər rayon və şəhərlərdə olduğu kimi, Kəlbəcər rayonunda da həyatın qaynadığını görəcəyik və insanlarımızın öz yurdlarında xoşbəxt həyat keçirəcəyinə şahidlik edəcəyik”.
N.Həmzəyev qeyd edib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi. Kəlbəcərin işğalından sonra isə proses daha da sürətləndi və separatçılar öz istəklərinə çatdılar. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu uzun illər bu problemi həll edə bilmədi, daha doğrusu, etmək istəmədilər. Azərbaycan hərbi gücü hesabına torpaqlarını işğaldan azad etmək məcburiyyətində qaldı. Cənab Prezidentin uğurlu diplomatik həmlələri nəticəsində Kəlbəcər geri qaytarıldı. Lakin bu əraziləri tərk etmək üçün verilən möhlət zamanı erməni xisləti bir daha üzə çıxdı – Kəlbəcərin meşələri qırıldı, evlər yandırıldı. Üstəlik, basdırılmış minalar dinc şəraitdə həm hərbçilərimizin, həm də mülki şəxslərimizin şəhid olmasına və yaralanmasına səbəb oldu”.