"Azərbaycanda cari ilin 9 ayı ərzində 493 mühafizə orderi verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 167 vahid çoxdur".
Teleqraf xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsinin rəisi Pərviz Əliyev “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, mühafizə orderlərinin icrası ilə bağlı inzibati və cinayət məsuliyyətinə cəlb olunma halları qeydə alınmayıb.
P. Əliyev əlavə edib ki, cari ilin ilk 9 ayında alimentin tutulmasına dair icra işlərinin sayında 8 %, uşaqların ünsiyyət hüququnun həyata keçirilməsinə dair icra sənədlərinin sayında 3,6 %, uşağın alınmasına dair icra sənədlərinin sayında isə 9,7 % artım müşahidə olunub.