- Rusiya hazırda diqqətini Ukraynaya yönəltdiyi üçün Ermənistanın müəyyən tələblərini də qəbul etmək məcburiyyətindədir
Ermənistanın Qərblə yaxınlaşma siyasəti davam etsə də, rəsmi İrəvan Rusiya ilə münasibətləri tamamilə kəsmək və Moskva ilə açıq qarşıdurmaya getmək niyyətində deyil. Görünən odur ki, Ermənistan hakimiyyəti xarici siyasətdə çoxvektorlu yanaşma sərgiləməyə, bir tərəfdən Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələri genişləndirməyə, digər tərəfdən isə Rusiya ilə mövcud münasibətləri qoruyub saxlamağa çalışır.
Bu siyasətin arxasında həm siyasi, həm də iqtisadi amillər dayanır. Ermənistanın Rusiya ilə geniş ticarət-iqtisadi əlaqələri, enerji və yanacaq sektorunda asılılığı, eləcə də təhlükəsizlik sahəsindəki mövcud reallıqlar İrəvanın Moskva ilə münasibətlərə ehtiyatla yanaşmasını şərtləndirir.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın son açıqlaması da bu yanaşmanı bir daha təsdiqləyir. O, ölkəsinin Rusiya ilə əlaqələri kəsmək, münasibətlərdə böhran yaratmaq və ya körpüləri yandırmaq niyyətində olmadığını bildirib. Bununla yanaşı, İrəvan son dövrlərdə ikitərəfli münasibətlərdə yaranmış problemlərə yenidən baxılmasını və əlaqələrin sağlamlaşdırılmasını vacib hesab edir.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavininin fikirlərinin mövcud reallığı əks etdirdiyini söyləyib:

“Ermənistan doğrudan da Rusiya ilə əlaqələri birdəfəlik kəsmək, tarixi kökləri qoparmaq niyyətində deyil. Qərblə münasibətləri möhkəmləndirmək, əlaqələri gücləndirmək və eyni zamanda Rusiya ilə münasibətləri qoruyub saxlamaq, xüsusilə də ticarət-iqtisadi əlaqələri davam etdirmək Ermənistan üçün olduqca vacibdir.
Ümumiyyətlə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 40 faizdən artıq təşkil edir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının mühüm bir hissəsi Rusiyanın nəzarəti altındadır. Eyni zamanda, ölkənin enerji və yanacaq sektorunda Rusiyadan ciddi asılılığı var. Bu baxımdan, Kostanyanın səsləndirdiyi fikirlər reallığı əks etdirir.
Bir daha qeyd edirəm ki, Ermənistan Qərbyönümlü siyasət həyata keçirməklə, Avropa İttifaqı ilə yaxınlaşmaqla yanaşı, Rusiya ilə münasibətləri qoruyub saxlamağa, Moskvanı qıcıqlandırmadan tədricən onun orbitindən çıxmağa və bərabərhüquqlu tərəfdaş statusunda münasibətlər qurmağa çalışır”.
Analitik qeyd edib ki, Ermənistan üçün Rusiya ilə münasibətləri normal səviyyədə saxlamaq vacib olsa da, bu, asan olmayacaq:
“Bu, asan deyil, çünki Rusiya tərəfi Ermənistandan birmənalı şəkildə seçim etməsini istəyir. Hətta Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi məsələsini Rusiya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə birlikdə İrəvanın qarşısında tələb kimi qoyub.
Şübhəsiz ki, Ermənistan bundan yayınmağa çalışır. Yaxın aylar ərzində Paşinyanın bir neçə dəfə Moskvaya səfər etməsi, orada Putinlə görüşərək bu məsələləri müzakirə etməsi nəzərdə tutulur. Ermənistan mümkün qədər çalışacaq ki, Kremli qıcıqlandırmadan münasibətləri qoruyub saxlasın və Avropa istiqamətində də addım-addım irəliləməyə davam etsin”.
Ermənistanın Qərbə yaxınlaşması fonunda əvvəlki münasibətləri qoruyub saxlamağın mümkün olub-olmayacağına gəlincə, ekspert bunun kifayət qədər çətin məsələ olduğunu bildirib:
“Onsuz da Ermənistanla Rusiya arasında münasibətlər 5-6 il əvvəlki səviyyədə deyil. İki ölkə arasında müəyyən məsafənin yaranması faktiki olaraq münasibətlərin dondurulmasına gətirib çıxarıb. Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələlərdə də müəyyən ziddiyyətli məqamlar var.
Bütün bunlara baxmayaraq, Ermənistan münasibətləri qoruyub saxlamağa çalışır. Rusiya hakimiyyəti də hazırda Ermənistan hakimiyyətinə tam etibar etmir. Sadəcə olaraq, tərəflər praqmatik düşüncəyə əsaslanan münasibətlər sistemi qura bilərlər. Düşünürəm ki, Paşinyan da məhz bunu istəyir.
Çünki Paşinyan birvektorlu xarici siyasətdən çoxvektorlu xarici siyasətə keçidlə bağlı fikirlər səsləndirib. O bildirib ki, biristiqamətli siyasət Ermənistanı bir güc mərkəzindən asılı vəziyyətdə saxlayır və bu da ölkənin müstəqilliyi üçün kifayət qədər problem yarada bilər.
Bu baxımdan, Paşinyan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət aparmaqla müxtəlif güc mərkəzləri ilə normal münasibətlər saxlamağa çalışır və bunu balanslaşdırılmış xarici siyasət adlandırır. Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir, amma Paşinyan buna cəhd edir.
Hər halda, hesab edirəm ki, Rusiya hazırda diqqətini Ukraynaya yönəltdiyi üçün Ermənistanın müəyyən tələblərini də qəbul etmək məcburiyyətindədir. Əslində, Rusiya yeni dövrün reallıqlarına uyğun transformasiya olunmalıdır”.