Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesi regionun siyasi gündəmində xüsusi yer tutur. Bunu beynəlxalq ictimaiyyət də yaxından izləyir. Avropa siyasi dairələrində bu prosesin “Avropada sülh tarixi” kimi dəyərləndirilməsi onun əhəmiyyətini daha da artırır. Bu, tərəflər arasında normallaşmanın yeni mərhələyə keçdiyini göstərir. Hadisələr fonunda Avropa İttifaqı və digər Avropa institutlarının mövqeyi, eləcə də səsləndirilən bəyanatlar sülh təşəbbüslərinin ümumi şəkildə dəstəkləndiyini nümayiş etdirir. Bununla yanaşı, proses ətrafında müxtəlif yanaşmalar və fərqli siyasi mövqelər də mövcuddur ki, bu da məsələnin mürəkkəbliyini artırır. Belə bir şəraitdə həm regional, həm də beynəlxalq aktorların mövqeləri sülhün davamlılığı baxımından mühüm rol oynayır.
Siyasi sosioloq Hüseyn İbrahimov Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın “Avropada sülh tarixi” kimi ifadə etməsi müsbət yanaşmadır:
"Bu yanaşma Avropa siyasi rəsmiləri, xüsusilə Avropa İttifaqı Şurası və Avropa Parlament Assambleyası səviyyəsində mövcud münasibətlərin qiymətləndirilməsi baxımından önəmlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, son dövrlərdə Avropa İttifaqı Şurasının bəzi dairələrindən müəyyən anti-Azərbaycan əhval-ruhiyyəsini əks etdirən addımlar müşahidə olunur. Bu addımlar xüsusən Ermənistan-Azərbaycan münasibətlərinin sülhə aparan yolunu əngəlləməyə yönəlmiş kimi görünür.
Bununla belə, ümumilikdə belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı Şurası rəhbərliyinin mövqeyi ilə qurum daxilində səsləndirilən bəzi fikirlər arasında uyğunluq təmin edilməlidir. Əks halda, bu ziddiyyətlər institutların nüfuzuna mənfi təsir göstərə bilər. Hər bir halda, Avropa İttifaqı Şurası rəhbərliyinin mövqeləri müsbət qiymətləndirilir. Avropa siyasi dairələrinin ümumi yanaşması da göstərir ki, sülh prosesinin irəliləməsi beynəlxalq səviyyədə dəstəklənir.
Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda qatıldı. O, çıxışında sülh prosesində əldə olunan irəliləyişlərə diqqət çəkdi. Həmçinin son 9 ay ərzində Ermənistana 28 min ton məhsulun daşındığını qeyd etdi".
Analitik qeyd edib ki, tərəflərin çıxışlarının müqayisəli təhlili sülh prosesinin müsbət qiymətləndirildiyini göstərir:
"Azərbaycan və Ermənistan sülhə doğru irəliləmək niyyətini ifadə edirlər. Bu isə regionda sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda üçüncü tərəflərin prosesi pozmağa yönəlmiş cəhdləri uğurlu ola bilməz. Bu cəhdlər gərginliyi artırmağa xidmət edir və buna yol verilməməlidir. Azərbaycan Prezidentinin siyasətinin mahiyyəti real və dayanıqlı sülhün təmin olunmasından ibarətdir. Bu siyasət sabitliyin qorunmasını və xalqlar arasında əlaqələrin inkişafını hədəfləyir. Həmçinin regionda nəqliyyat-kommunikasiya layihələrinin, xüsusilə Orta Dəhlizin genişlənməsi əsas məqsədlərdəndir. Bu yanaşma münaqişənin təkrar baş verməməsinə xidmət edən strateji sülh konsepsiyasıdır. Azərbaycanın sülh paradiqması beynəlxalq ictimaiyyətə aydın şəkildə təqdim olunub. Bu paradiqma taktiki deyil, uzunmüddətli prinsiplərə əsaslanır. Bu baxımdan Avropa İttifaqı Şurası rəhbərliyinin açıqlamaları da mühüm əhəmiyyət daşıyır. Rəsmi sülh sazişi olmasa belə, atılan addımlar müsbət qiymətləndirilir. Bəzi hallarda dövlətlər arasında sülh müqaviləsindən sonra da soyuq münasibətlər qalır. Lakin hazırkı dinamika sülh sonrası mərhələyə yaxınlaşmanı göstərir. Bu proses Azərbaycanın apardığı siyasətin nəticəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin diplomatik xətti sülhün möhkəmləndirilməsinə xidmət edir".
Siyasi sosioloq vurğulayıb ki, Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısının Ermənistanda keçirilməsi mühüm siyasi hadisədir:
"Bu, regionda yaranan yeni reallıqların göstəricisi kimi qiymətləndirilə bilər. Proses Ermənistanın da sülhə uyğun addımlar atmağa məcbur qaldığını göstərir. Bu da regional dinamikanın dəyişdiyini təsdiqləyir. Eyni zamanda Ermənistanın Konstitusiya dəyişiklikləri ilə bağlı addımları da sülh prosesinə təsir edir. Cəmiyyət daxilində radikal meyillərin azaldılması da vacib amildir. Avropa İttifaqı Şurası rəhbərliyinin sülh çağırışları müsbət qiymətləndirilməlidir. “Sülh tarixi” ifadəsi bu prosesin tarixi mərhələyə daxil olduğunu göstərir.
Nəticə etibarilə Azərbaycan sülhün möhkəm əsaslarla davam etdirilməsində maraqlıdır. Bu prosesin davamlı olması region ölkələrinin maraqlarına uyğundur. Eyni zamanda bu, Avropa İttifaqına üzv dövlətlərin də maraqlarına xidmət edir. Buna görə də sülh prosesini pozmağa yönəlmiş cəhdlərə yol verilməməlidir".