Buna baxmayaraq diplomatik prosesin davam etdiyini göstərən mühüm mərhələdir
Yaxın perspektivdə tam sülh sazişi gözləmək realist görünməsə də, idarə olunan deeskalasiya və mərhələli kompromis ssenarisi mümkündür
Cenevrədə fevralın 17-si və 18-də Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyi üçtərəfli görüşlər keçirilib. Rusiya nümayəndə heyətinə milliyyətçi və sərt mövqeyi ilə tanınan Vladimir Medinski, Ukrayna tərəfinə isə əvvəlki danışıqlarda olduğu kimi Kiyevin milli təhlükəsizlik katibi Rustem Umerov rəhbərlik edib. Danışıqlar təhlükəsizlik və humanitar məsələləri, əsir götürülmüş hərbçilər və dinc sakinlərin azad olunmasını, eləcə də əsirlərin dəyişdirilməsi prosesini əhatə edib. Dialoqun ən mürəkkəb məsələlərindən biri, işğal olunmuş ərazilərin taleyi, xüsusən Rusiyanın ələ keçirdiyi Donbas və digər torpaqların gələcəyi olub. Rusiya müharibəni bitirmək üçün işğal etdiyi ərazilərlə yanaşı, Donbas bölgəsində Ukraynanın nəzarətində olan şəhərlərin də, ona verilməsini tələb edib. Ukrayna lideri Volodimir Zelenski isə ərazi güzəştlərinə açıq olmadıqlarını vurğulayıb. Rusiya mənbələri görüşün gərgin keçdiyini, danışıqlarda ciddi irəliləyiş əldə olunmadığını bildiriblər. Onu da xatırladaq ki, tərəflər Cenevrədən əvvəl, Əbu-Dabi şəhərində iki raund danışıqlar aparmış, lakin masadan hər hansı razılaşma əldə etmədən ayrılmışdılar.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, üçtərəfli danışıqlar prinsipcə, Rusiya-Ukrayna münaqişəsinin diplomatik həlli istiqamətində növbəti cəhd kimi qiymətləndirilə bilər:
“Danışıqların ikinci gününün də qapalı formatda və məhdud açıqlamalarla başa çatması göstərir ki, proses hələ yekun mərhələdə deyil. Tərəflər mövqelərini sərt şəkildə qorumağa davam edir. Danışıqları qiymətləndirərkən ilk növbədə formatın özünü nəzərə almaq lazımdır. Müharibə davam etdiyi, bir vaxtda, tərəflərin eyni masa arxasında oturması artıq mühüm siyasi siqnaldır, hətta təzyiq nəticəsində olsa belə. Diplomatiyada bəzən ən böyük nəticə, tərəflərin danışıq kanalını açıq saxlamasıdır. ABŞ-nin vasitəçi kimi prosesə aktiv qoşulması isə göstərir ki, Vaşinqton münaqişənin nəzarətsiz eskalasiyasında maraqlı deyil. Ən azı idarə olunan deeskalasiya modelini gündəmdə saxlayır. Lakin məzmun baxımından əsas problemlər dəyişməz qalır. Münaqişənin mərkəzində duran ərazi məsələsi (xüsusilə Donbas və digər mübahisəli ərazilər) tərəflər arasında fundamental ziddiyyət yaradır”.
Politoloqun sözlərinə görə, Ukrayna ərazi məsələsində hər hansı güzəşt variantını rədd edir:
“Ukrayna rəhbərliyi ərazi bütövlüyünün tam bərpasını əsas prinsip kimi irəli sürür. Rusiya isə faktiki nəzarətdə saxladığı ərazilərin statusunun tanınmasına və ya ən azı uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmağa çalışır. İki yanaşma arasında kəskin fərq olduğu üçün sürətli və yekun sülh sazişi real görünmür. Digər mühüm amil daxili siyasi mühitdir. Həm Ukraynada, həm də Rusiyada ictimai rəy və siyasi elita radikal güzəştlərə həssas yanaşır. Hər iki tərəf üçün kompromis qərarlar daxildə siyasi risk daşıyır. Bu isə liderlərin manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda, ABŞ üçün də proses yalnız regional deyil, qlobal kontekstdə qiymətləndirilir. Vaşinqton həm Avropa müttəfiqləri ilə koordinasiyanı qorumağa, həm də Rusiya ilə strateji balansı nəzərə almağa məcburdur. Bütün bunlara baxmayaraq, ortaq məxrəcə gəlmək tamamilə mümkünsüz deyil”.
R. Bayramov bildirib ki, tərəflər geniş və yekun sülh müqaviləsi şəklində deyil, mərhələli və texniki razılaşmalar vasitəsilə ortaq məxrəcə gələ bilərlər:
“Məsələn, məhdud atəşkəs rejimi, humanitar dəhlizin açılması, əsir mübadiləsi, enerji infrastrukturuna hücumların dayandırılması kimi addımlar tərəflər arasında etimadın qismən bərpasına xidmət edə bilər. Bu tip razılaşmalar müharibəni dərhal bitirməsə də, onun intensivliyini azalda və siyasi dialoqun davamı üçün zəmin yarada bilər. Hazırda isə Cenevrə danışıqları hələlik tarixi dönüş nöqtəsi deyil. Buna baxmayaraq diplomatik prosesin davam etdiyini göstərən mühüm mərhələdir. Yaxın perspektivdə tam sülh sazişi gözləmək real görünməsə də, idarə olunan deeskalasiya və mərhələli kompromis ssenarisi mümkündür. Münaqişənin taleyi isə Rusiyanın öz maksimalist mövqeyindən nə dərəcədə uzaqlaşmağa hazır olmasından və beynəlxalq təminat mexanizmlərinin nə qədər etibarlı qurulacağından asılı olacaq”.
Aybəniz Səfərova