"Türkiyə üçün PKK terror təşkilatının və onun uzantılarının potensial olaraq Qərbi Azərbaycana daxil olması riski mövcuddur"
"Bu, Türkiyənin təhlükəsizliyinə ciddi təsir göstərəcək və eyni zamanda Azərbaycan üçün də təhlükə yaradacaq"
Son günlərdə Yaxın Şərq və Cənubi Qafqaz bölgəsində baş verən hadisələr region ölkələri arasında münasibətlərə təsir göstərib. Bu proseslər zamanı İran İslam Respublikasının siyasəti və qonşu ölkələrlə münasibətləri tez-tez müzakirə olunur. Eyni zamanda ən diqqət çəkən mövzulardan biri İranda yaşayan azərbaycanlıların vəziyyətidir.
İran, Azərbaycan və Türkiyə arasındakı münasibətlər və bölgədə baş verən hadisələr haqqında müxtəlif fikirlər irəli sürülür.
Güneyli siyasi şərhçi Kərim Əsğəri Sherg.az-a İranın türklərə olan mövqeyindən danışıb:
"İran İslam Respublikası dünyanın ən qəddar və ən zalım ölkəsidir. İki ay bundan əvvəl etirazlar səbəbilə bir neçə gün ərzində 40 mindən çox öz vətəndaşını qətlə yetirən bir rejimdən söhbət gedir. Əgər bu rejimin 47 illik tarixinə baxsanız, belə hadisələrin dəfələrlə baş verdiyini görərsiniz. Bu baxımdan onların Azərbaycana, xüsusilə də Naxçıvana qarşı münasibəti də diqqət çəkir. Türkiyəyə də raket atmağa cəhd etdilər, çox şükür ki, bu baş tutmadı. Bu fakt İran rejiminin həqiqi mahiyyətini göstərir. Əgər məndən soruşsalar ki, dünyanın ən antitürk və antiazərbaycan rejimi hansıdır, mən İran İslam Respublikasını göstərərəm. Amma burada bir paradoks da var. Eyni zamanda İranın daxilində çox sayda türk və azərbaycanlı yaşayır. Bu, müəyyən mənada bir ziddiyyət yaradır.
Ekspert İranın antitürk siyasət yeritdiyini deyib:
"Uzun illərdir ki, Cənubi Azərbaycanda mühüm şüarlar səslənir: “Haray-haray, mən türkəm!”, “Təbriz-Bakı-Ankara, biz hara, farslar hara!”, “Yaşasın Azərbaycan!”, “Ankara-Bakı-Təbriz birlikdə güclüyük!” və buna bənzər şüarlar. Çox təəssüf ki, xüsusilə Türkiyə, eyni zamanda Azərbaycan və ümumilikdə türk dünyası bu səslərə yetərincə diqqət yetirmədi, sanki qulaqlarını bu məsələyə bağladı.
Əmin olun ki, əgər İran rejiminin əlindən gəlsəydi, bu gün həm Azərbaycanı, həm də Türkiyəni İsraildən əvvəl xəritədən silərdi.
Uzağa getməyə də ehtiyac yoxdur. Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana göstərdiyi yardım hamıya məlumdur. İkinci Qarabağ müharibəsində torpaqlarımız geri alındı, amma İran yenə də narahatlıq göstərdi və ermənilərə simpatiya nümayiş etdirdi. Bunlar açıq tarixi faktlardır və yaxın tariximizin hadisələridir.
İranın tüstüsü təkcə Cənubi Azərbaycanlıların yox, bütün bölgə xalqlarının- xüsusilə də Azərbaycan və Türkiyənin gözünə gedəcək. Açıq desək, bu məsələdə müəyyən qədər gecikilib. Amma deyiblər ki, balığı nə vaxt sudan tutsan, yenə də təzədir. Buna baxmayaraq, həm Türkiyə, həm də Azərbaycan Cənubi Azərbaycanda səslənən səmimi şüarları nəzərə alaraq onların yanında olmalıdır. Bu, həm strateji, həm vicdani, həm də qardaşlıq borcudur".
Analitik bildirib ki, bu gün Cənubi Azərbaycan xalqı İranda baş verən prosesləri diqqətlə izləyir və eyni zamanda qardaşlarından, öz dövlətlərindən dəstək gözləyir:
"Beynəlxalq münasibətlərdə “qohum dövlət” anlayışı mövcuddur. Bu gün dünyada nadir bir vəziyyət var: Azərbaycan türkləri elə bir xalqdır ki, onların böyük bir hissəsi həm say, həm də torpaq baxımından başqa bir dövlətin tərkibində yaşayır. Onlar bir çox ibtidai hüquqlardan məhrumdur. Həm Azərbaycan, həm də Türkiyə öz təhlükəsizlikləri baxımından bu məsələyə diqqət yetirməlidir. Xüsusilə Türkiyə üçün PKK terror təşkilatının və onun uzantılarının potensial olaraq Qərbi Azərbaycana daxil olması riski mövcuddur. Bu, Türkiyənin təhlükəsizliyinə ciddi təsir göstərəcək və eyni zamanda Azərbaycan üçün də təhlükə yaradacaq.
Bu səbəbdən hər iki dövlətin bu faktorları nəzərə alaraq Cənubi Azərbaycana müəyyən formada dəstək vermələri vacibdir".