Əlcəzairdə toyuna cəmi bir həftə qalan yetim gəlinin “İki toyuq kifayətdir” arzusu ölkə miqyasında yardım kampaniyasına səbəb olub. Sosial şəbəkələrdə yayılan hekayədən sonra gənc qadına ev əşyaları, mebel, qızıl zinət dəsti və maddi dəstək göstərilib.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri “Al Arabiya”ya istinadən məlumat yayıb.
Əlcəzairin Ayn Defla vilayətinin Sidi Lakhdar qəsəbəsində yaşayan gənc gəlin yeni evini hazırlamaq üçün zəruri əşyalara belə sahib olmayıb. Toy mərasimi üçün nəyə ehtiyacı olduğu soruşulduqda isə o, yalnız iki toyuq istədiyini bildirib.
“Toy yeməyi üçün cəmi iki toyuq istəyirəm. Halal yemək olsun, kifayətdir”, – deyə gəlin bildirib.
Ailəsinin dəstəyindən məhrum olan qadının sadə arzusu fəal Həmid Fracın paylaşdığı videodan sonra geniş yayılıb. Bundan sonra ölkənin müxtəlif bölgələrindən insanlar yardım kampaniyasına qoşulublar.
Gənc qadına ərzaq məhsulları, ev əşyaları və mebel verilib, yeni evinin çatışmazlıqları aradan qaldırılıb. Bir çox insan motosikletlərlə onun evinə gələrək dəstəyini nümayiş etdirib.
Yardımlar bununla da bitməyib. Zərgərlərdən biri gəlinə qızıl zinət dəsti hədiyyə edib. Digər xeyriyyəçi isə ona hər ay 50 min Əlcəzair dinarı ödəyəcəyini açıqlayıb. İlk ödənişin oktyabr və noyabr ayları üçün əvvəlcədən edildiyi bildirilib.

Nəticədə, əvvəlcə yalnız iki toyuq istəyən gənc qadın çoxsaylı qonaqların iştirak etdiyi, sevinc dolu anlarla yadda qalan toy mərasimi keçirib.
Bu hadisə Əlcəzairdə həmrəylik və yardımlaşmanın nümunəsi kimi geniş müzakirələrə səbəb olub. Gənc gəlinin hekayəsi ona göstərilən dəstəyin yalnız maddi yardımla məhdudlaşmadığını, çətin günlərində insanların ona sahib çıxdığını da nümayiş etdirib.