Erməni lobbisinin kampaniyaları: Nə baş verəcək? - Millət vəkili
Avropa İttifaqı Bakı ilə əməkdaşlığa xüsusi önəm verir
Erməni lobbisinin saxta, əsassız və qərəzli kampaniyaları nəticə verməyəcək
Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilməyəcək. Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib. O bildirib ki, Azərbaycan Avropaya yanacaq verir, milyardlarla kubmetr qaz satır: "Bu il imzalanmış müqavilə sayəsində biz həcmləri əhəmiyyətli dərəcədə - 8-12 milyard kubmetr artıracağıq. Avropa Komissiyasının sədri şəxsən bu saziş üzrə danışıqlar aparmaq üçün Azərbaycana səfər edib. Bu, avropalıların qışda çox ehtiyac duyduğu enerji resurslarını əldə etmək imkanı verəcək”. Son aylar Ermənistan və erməni lobbisi ciddi-cəhdlə çalışır ki, bəzi Qərb ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiq göstərməsinə, sanksiyalar tətbiq edilməsinə nail olsunlar. Ekspertlərin fikrincə, belə məqamda Aİ rəsmisi C.Borrelin Azərbaycanla bağlı birmənalı açıqlaması təqdirəlayiqdir.
Millət vəkili Vüqar Bayramov "Sherg az"a açıqlamasında bildirib ki, erməni lobbisinin son dövrlərdə ABŞ-də, Avropada aktivləşməsi, Azərbaycan əleyhinə kampaniyanı genişləndirməsi müşahidə olunur. Deputat təəssüflə vurğulayıb ki, bəzi Qərb ölkələri, xüsusən Fransa çox aktiv şəkildə prosesə dəstək olub: "Görünür, kiçik dəstək erməni lobbisi üçün təsəlli xarakteri daşıyıb. Sözsüz, Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq stratejidir və uzunmüddətli dövrü əhatə edir. Brüssel və Bakı sadəcə enerji deyil, həm də digər sahələrdə əməkdaşlıq edirlər. O baxımdan Brüsselin, Avropa Komissiyasının son açıqlaması da ondan xəbər verir ki, tərəflər strateji əməkdaşlığa xüsusi önəm verirlər. Hər iki tərəf bu strateji əməkdaşlıqdan faydalanırlar. İnanırıq ki, erməni lobbisinin saxta, əsassız və qərəzli kampaniyaları nəticə verməyəcək. Azərbaycan regionda sülhü dəstəkləyən ölkədir və müharibədə maraqlı deyil. Öz suveren ərazimiz və sərhədlərimiz çərçivəsində regionda dayanıqlı sülhün bərqərar olmasına xüsusi töhfə verməkdə davam edəcəyik".