Ermənistan vəziyyəti gərginləşdirir! - Genişmiqyasl təxribat... 

Mümkün təxribatlar dörd istiqamətdə ola bilər Papikyanın səfərini təxirə salması sərhəddə vəziyyətin gərginləşməsindən xəbər verir
  Ermənistanın müdafiə naziri Suren Papikyanın Kipr Respublikasına səfəri ləğv edilib. Səbəb Ermənistanda sərhəddə vəziyyətin gərginləşməsi göstərilir. Bu barədə Kipr Respublikasının müdafiə naziri Mixalis Yorqallas sosial şəbəkədəki paylaşımında bildirib: “Bu gün erməni həmkarım Ermənistanda vəziyyətin pisləşməsi ilə əlaqədar Kiprə planlaşdırılan səfəri ləğv edildikdən sonra onunla telefon danışığım oldu. Biz ölkələrimiz arasında əla münasibətləri, eləcə də Üçtərəfli Müdafiə və Təhlükəsizlik Proqramı çərçivəsində Yunanıstan ilə mükəmməl əməkdaşlığımızı bir daha təsdiq etdik. Mən Ermənistan xalqına tam dəstəyimi bildirdim. Şərait imkan verən kimi yaxın gələcəkdə görüşmək bizim qarşılıqlı istəyimizdir”. S.Papikyanın mətbuat katibi Aram Torosyan Ermənistan mediasına açıqlamasında Papikyanın Kiprə səfərinin təxirə salındığını təsdiqləyib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, səfərin ləğv olunması Ermənistanın sərhəd boyunca genişmiqyaslı təxribatlara hazırlaşdığı ehtimalını daha da gücləndirən məqamdır. Ekspertin fikrincə, mümkün təxribatlar dörd istiqamətdə ola bilər - Kəlbəcər, Sədərək, Laçın və Zəngilan:
"Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır. Həmçinin Arazdəyəndə ABŞ investisiya ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var. O cümlədən beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər. Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var. Zəngilan istiqamətində təxribatlar isə Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır. Bununla Zəngəzurdan dəhliz verməyəcəklərini göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək planları da var".