Bu məqalənin yaranmasına səbəb Abşeron rayonunun sakini, qazi atası Talıb Cavadov olmuşdur. O, söhbət zamanı oğlu Sərvinin İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunda gedən döyüşlərdə ciddi kəllə-beyin travması aldığını söylədi. Bildirdi ki, Sərvin qazi kimi tərxis olunduqdan sonra hərbi hospitalda xeyli müddət müalicə aldı. Lakin sağlamlığı bərpa olunmadı. Soraqlaşıb ayrı-ayrı həkimlərə müraciət etdik, amma ciddi fayda vermədi. Gecə-gündüzümüz yox idi. Spazması tutanda onu sakitləşdirə bilmirdik.
Yaxınlarımızdan biri Tibb Universitetində professor Gəray Gəraybəyliyə müraciət etməyimizi məsləhət gördü. Öyrəndik ki, o, rektordur. Lakin həftənin tək günlərində universitetin Tədris-Terapevtik Klinikasında ambulator müalicə alanları müayinə edir. Qəbulda olarkən professor öyrəndiki, gözləyənlərin arasında Vətən müharibəsi iştirakçısı -qazi var, ilk növbədə onu içəri dəvət etdi. Bizi çox mehriban qarşılayan bu gülərüz loğman pasiyentlə - Sərvinlə elə dialoq yaratdı ki, guya onlar bir-birlərini çoxdan tanıyırlarmış. Bax, belə yanaşma ilə, şirin söhbətlə müayinəni bitirərək onun xəstəliyinin dərəcəsini müəyyənləşdirib dərman üçün resept yazdı, müalicə kursuna başlandığını, preparatların qəbul qaydalarını, növbəti müayinə gününü bildirdi və bizi xoş hisslərlə yola saldı.
Müalicə kursu uzunmüddətli olduğu üçün vaxtaşırı professor Gəray Gəraybəylinin qəbuluna gedirik. Oğlum artıq müalicənin müsbət nəticəsini hiss edir. Onun sağlamlığı müəyyən qədər yaxşılaşmışdır.
Bu söhbəti dinləyərkən illər öncə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının keçmiş müdiri, tibb elmləri doktoru, "Şöhrət" ordenli professor Ağabəy Sultanovun (Hacıağa Sultanov) Gəray Gəraybəyli haqqında söylədiyi fikirlər yadıma düşdü. Mən 2006-cı ildə rəhmətlik Ağabəy müəllimin 70 illik yubileyi münasibətilə "Bakı" qəzeti üçün məqalə hazırlayarkən o, demişdir: "Universitetimizdə bilikli alimlərimiz, savadlı müəllim-həkimlərimiz çoxdur. Mənim rəhbərlik etdiyim kafedrada da ümidverici kadrlar yetişir. Dosent Gəray Gəraybəylinin işgüzarlığını xüsusi qeyd etmək istəyirəm. O əsl həkimlik nümunəsi göstərməklə, elmi araşdırmalarının dərinliyi ilə diqqət çəkir. Mən onun parlaq gələcəyinə inanıram". Şöhrət ordenli professor Ağabəy Sultanov həqiqəti danışırdı.
Gəray Gəraybəylinin keçdiyi yola qısaca nəzər saldıqda bu fikirlərin doğruluğunun şahidi olursan. O, orta məktəbi "Qızıl" medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunmuş və orada yalnız əla qiymətlərlə oxumuş, qırmızı diplom almışdır. 1992-ci ildə Universiteti bitirdikdən sonra fəaliyyətini bu təhsil və elm ocağına bağlamışdır.
Psixiatriya kafedrasına baş laborant vəzifəsinə işə götürülən G.Gəraybəyli pillə-pillə yüksəlmişdir. 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə professor elmi adına layiq görülmüşdür. 2014-cü ildən isə Universitetin rektoru vəzifəsindədir.O, hansı işdə çalışmışdırsa, onun məsuliyyətini dərk etmiş və öhdəsindən layiqincə gəlmişdir. Qəray Gəraybəyli həkimlik təcrübəsinin, pedaqoji biliyinin, elmi düşüncələrinin, idarəçilik qabiliyyətinin vəhdətindən bəhrələnən ziyalıdır. Fəaliyyətini qazandığı uğurlarla məhdudlaşdırmır. Hər zaman bilik və təcrübəsini artırmağa, dövrün tələblərinə uyğun islahatlar aparmağa çalışır.
Həm klassik tibb təhsili üsullarından yararlanmağı, həm müasir tibb təhsilinin geniş tətbiq edilməsini, həmçinin innovativ metodların yayılmasını mühüm amillərdən hesab edən yenilikçi alim-rektor Azərbaycan tibb təhsilinin beynəlxalq səviyyədə tanınması üçün böyük səylər göstərmişdir. Bu işi hazırda da müvəffəqiyyətlə davam etdirir. Onun müxtəlif xarici ölkələrdə keçirilən simpozium, konqres və konfranslarda iştirak etməsi də bu problemin həllinə öz müsbət təsirini göstərir. Professor G. Gəraybəyli bir neçə dövlətdə olmuş, ölkəmizi təmsil etmişdir. Onun beynəlxalq elmi məclislərdə etdiyi məruzələr, verdiyi təkliflər ciddi müzakirələrə səbəb olmuşdur. Türkiyə, Almaniya, Rusiya, ABŞ alimin iştirak etdiyi simpoziumların keçirildiyi ölkələrin tam siyahısı deyil. G. Gəraybəylinin ABŞ Dövlət Departamentinin Fulbright Proqramı çərçivəsində Cənubi Koreya Universitetində elmi ezamiyyətdə olmasıda faydalı tədbirlərdən sayılır. Onun Avropa Tibb Təhsili Şəbəkəsinin, Türk Dünyası Tibb Cəmiyyətinin üzvü olması məhz alimin istedadının, təşkilatçılıq qabiliyyətinin təzahürüdür.
Görkəmli alim topladığı təcrübəni, öyrəndiyi bilikləri öz yaddaşınındərinliklərində gizlədib saxlamır. Onları elmi məqalələrlə, auditoriyalarda çıxışları ilə geniş oxucu kütləsinə, ictimaiyyətə çatdırır. Yeri gəlmişkən, professorun 70-dən çox elmi məqaləsi, bir çox monoqrafiyası, dərs vəsaiti, tədris-metodik, metodik tövsiyələri işıq üzü görmüşdür. Alimin məqalələri təkcə respublikamızda deyil, bir çox xarici ölkələrdə çap olunmuşdur.
Professor Gəray Gəraybəyli eyni zamanda gənc elmi kadrların hazırlanması işində də ciddi yanaşan alimdir. Onun elmi rəhbərliyi ilə onlarca fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.
Bəli, son illər Tibb Universitetinin həyatında böyük dəyişikliklər olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə iki - Tədris-Terapevtik və Cərrahiyyə Klinikası yaradılmışdır. Bu tədris və müalicə müəssisələrində nümunəvi şərait hökm sürür. Hər iki klinikanın laboratoriyaları, əməliyyat blokları, müayinə və digər köməkçi otaqları Almaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, ABŞ istehsalı olan müasir tibbi avadanlıqla təchiz edilmişdir. Yaradılan nümunəvi şəraitdən, ölkə rəhbərliyinin göstərdiyi qayğı və diqqətdən məmnun qalan çoxsaylı professor-müəllim kollektivinin,rektor Gəray Gəraybəylinin fəaliyyəti göz qabağındadır, qənaətbəxşdir.Tədris prosesində, digər sahələrdə müasir iş metodları, yeniliklər tətbiq edilir. Müasir laboratoriyaların, elektron təhsil platformalarının, simulyasiya mərkəzlərinin yaradılması tədrisin keyfiyyətinə müsbət təsir göstərir.Universitetdə tədris proqramlarının Avropa standartlarına uyğunlaşdırılması prosesi məhz Gəray Gəraybəylinin səyi nəticəsində təşəkkül tapmışdır. Bu vacib məsələnin həyata keçirilməsinin nəticəsidir ki, onlarca tələbə, elmi araşdırmaçı inkişaf etmiş ölkənin tədris ocaqlarında, tibb müəssisələrində təcrübə keçir, biliklərini artırır. Gəray Gəraybəyli bütün bu nailiyyətləri, professor-müəllim heyətinin, bütün kollektivin uğurları hesab edir.
Burada mən Tədris-TerapevtikKlinikanın fəaliyyətinə qısaca ekskurs etmək istəyirəm. Məlum olduğu kimi, əvvəllər paytaxtımızın müxtəlif guşələrində pərakəndə halda yerləşən onlarca kafedra və qurum hazırda ondördmərtəbəlibu müasir klinikada məskunlaşmış, səmərəli fəaliyyət göstərir.
Gələcək həkimlərin, gənc alimlərin yetişdirilməsi, pasiyentlərin müayinə və müalicəsi ilə onlarca alim - professor, dosent, assistent, təcrübəli həkimlər məşğul olurlar. Onların böyük əksəriyyəti, zəngin təcrübəyə malik bilikli mütəxəssisdir.
Bütün həyat və yaradıcılıqlarını doğma universitetlərinə bağlayan professorlar Rafiq Məmmədhəsənov, Əlihüseyn Hidayətov, Vəsadət Əzizov, Adil Baxşəliyev, Cəbrayıl Məmmədov, Sahib Musayev, İbrahim İsayev, Sona Qəhrəmanova, Mehman Ağayev, Sain Səfərova, Aytən Məmmədzadə, dosentlər Gülər Fətəliyeva, Səbinə Məşədiyeva-Bayramova, İradə Əliyeva, Mahirə Hüseynova, Nailə Abbasova, Aygün Musayeva və bir çox başqaları təhsilin inkişafı, tibb kadrlarının hazırlanması üçün böyük əmək sərf edirlər.
Rektor Gəray Gəraybəylinin əmri ilə professor Vəsadət Əzizov klinikaya direktor, tibb elmləri üzrə fəlsəfə doktoru Fəridə Hacıyeva isə baş həkim vəzifələrinə təyin edilmişlər. Bu kadr dəyişikliyindən sonra əvvəllər müəyyən çətinliklərlə qarşılaşan klinikada vəziyyət yaxşılaşmışdır.Mən burada Vəsadət müəllimin bir vacib xüsusiyyətini vurğulamaq istəyirəm. O, həmkarlarının uğur qazanmaları üçün onlara kömək göstərməyi özünə borc bilən təmənnasız, xeyirxah insandır. Demək kifayətdir ki, I daxili xəstəliklər kafedrasında Vəsadət müəllimin rəhbərlik etdiyi dövrdə 10-dan çox dissertasiya müdafiə edib tibb elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcə almışdır.Bu, bir kafedra üçün yüksək göstəricidir.
Sonda qeyd etmək istəyirəm ki, Gəray müəllim üçün tutduğu bütün vəzifələrin məsuliyyəti eynidir və onun hər birinə ciddi yanaşır. İşinin gərgin, boş vaxtının az olmasına baxmayaraq o, həftənin tək günlərində Tədris-Terapevtik Klinikaya gəlir ambulator müalicə alan pasiyentləri müayinə edir. Bu, ilk növbədə, həkimlik borcunun layiqincə yerinə yetirilməsi, insanların sağlamlığının qorunması naminə atılan addımdır.
Bəli, universitetdə həyata keçirilən faydalı işlərin əhatəsi genişdir. Orada hökm sürən sağlam ab-hava, yaradılan nümunəvi iş şəraiti, şəffaflıq, obyektivlik yeni-yeni uğurlar qazanılmasına stimul verən amillərdir. Bu təhsil, elm və müalicə müəssisəsinin qazandığı müvəffəqiyyətlərin müəllifi isə əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əməkdar həkim, professor Gəray Gəraybəylidir.
Ə.Məşədiyev