Türkiyədə siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.
Sherg.az xəbər verir ki, bununla bağlı qanun layihəsinin yaxın bir neçə həftə ərzində parlamentə təqdim edilməsi planlaşdırılır. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.
“Siqaret satışı şəxsiyyət vəsiqəsi əsasında həyata keçiriləcək. Şəxsiyyət nömrəsinin göstərilməsi tələbi tətbiq olunacaq”, -deyə nazir qeyd edib.
Memişoğlunun sözlərinə görə, qanun layihəsi tütün məhsullarının satışına dair yeni qaydaların tətbiqini nəzərdə tutur. Sənədin bir neçə həftə ərzində parlamentə təqdim edilməsi planlaşdırılır.
Nazir bildirib ki, ötən il Türkiyədə təxminən 160 milyard siqaret satılıb. Bu, təqribən 8 milyard qutu deməkdir. O, siqaret bazarının illik dövriyyəsini 20-30 milyard dollar həcmində qiymətləndirib.