Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar

Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanını və maliyyə mərkəzini ballistik raketlərlə hədəfə aldıqlarını açıqlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.

Onun sözlərinə görə, husilər Ər-Riyadda yerləşən hava limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endiriblər. Sariya əməliyyatın qarşıya qoyulan məqsədə çatdığını iddia edib.

Hərbi nümayəndə, həmçinin Yəmənin cənubundakı Ləhc əyalətində Səudiyyə qüvvələrinin mövqelərinə altı ballistik raketlə hücum edildiyini bildirib.

Sariyanın iddiasına görə, raketlər hədəflərə birbaşa düşüb, onlarla hərbçi ölüb və yaralanıb, çoxlu sayda hərbi texnika məhv edilib.