İran Silahlı Qüvvələri müsəlman əhalidən və region ölkələrindən ABŞ və İsrail qüvvələrinin yerləşdiyi yerlər barədə məlumat verməyi xahiş edib. Məqsəd daha dəqiq zərbələr endirmək və mülki hədəflərin vurulmasının qarşısını almaqdır.
Sherg.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Abolfazl Şekarçi bildirib.
Onun sözlərinə görə, müsəlman əhalidən və region ölkələrindən ABŞ və İsrail qüvvələrinin mövqelərini göstərmələri istənilib ki, zərbələr yalnız hərbi hədəflərə endirilsin və mülki əhali zərər görməsin.
Şekarçi qeyd edib ki, İran Silahlı Qüvvələri yaxın vaxtlarda ABŞ və İsrailin Yaxın Şərqdəki hədəflərinə qarşı “cavab və sarsıdıcı zərbələr” endirəcək.
Məlumata görə, ABŞ və İsrail 28 fevralda İran ərazisində, o cümlədən Tehranda yerləşən obyektlərə hücumlara başlayıb. Hücumlar nəticəsində dağıntılar və mülki itkilər qeydə alınıb. Həmin hücum zamanı İranın ali dini lideri Əli Xamenei də həlak olub və ölkədə 40 günlük matəm elan edilib.
Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirir.