İranın hücumlara cavab vermək məcburiyyətində qalacağı ehtimalı yüksəkdir- ŞƏRH

Bu isə İran-İsrail qarşıdurmasının ikinci mərhələsinin başlaya biləcəyi anlamına gəlir

Yaxın Şərqdə baş verən son hadisələr bölgədə təhlükəsizlik mühitinin yenidən ciddi şəkildə gərginləşdiyini göstərir. İsrail-İran arasında uzun müddətdir davam edən siyasi və hərbi vəziyyət, eləcə də nəticəsiz qalan diplomatik təşəbbüslər onlar arasında qarşıdurmanı alovlandırıb. Hər iki ölkə bir-birlərinə raket zərbəsi endirməyə başlayıb.

Mövcud vəziyyət göstərir ki, atılacaq addımların miqyası və xarakteri qarşıdakı mərhələdə müəyyənləşəcək. Regional və beynəlxalq aktorların reaksiyası isə hadisələrin daha geniş miqyas alıb-almayacağında həlledici rol oynaya bilər.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a İran-İsrail qarşıdurmasşının hazırki vəziyyətindən danışıb:

"Hazırda verilən məlumatlara görə, İranın paytaxtı Tehran şəhərində yerləşən mühüm siyasi mərkəzlər-prezident aparatı və digər dövlət binaları hədəf alınıb. Bu isə onu göstərir ki, İran lazımi şərtləri yerinə yetirmədiyi və təhdidin aradan qaldırılması istiqamətində aparılan müzakirələr ciddi nəticə vermədiyi üçün qarşı tərəf zəruri və qabaqlayıcı addımlar atır.

İran mətbuatının məlumatına əsasən, hava hücumu nəticəsində dörd nəfər yüksək vəzifəli şəxs həlak olub. Lakin hələlik onların adları açıqlanmayıb. Bütün bu faktlar hadisələrin ciddi qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilə biləcəyini göstərir. Hər iki ölkə zaman-zaman hava məkanını bağlayıb. Bu gün də İranın hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Bu, vəziyyətin gərgin olduğunu göstərir. Qırıcı təyyarələrin İran səmasında uçuşlar həyata keçirməsi də ehtimal olunan genişmiqyaslı qarşıdurma riskini artırır.

Əgər hücumlar nəticəsində yüksək vəzifəli şəxslər həlak olubsa, İranın buna cavab vermək məcburiyyətində qalacağı ehtimalı yüksəkdir. Bu isə İran-İsrail qarşıdurmasının ikinci mərhələsinin başlaya biləcəyi anlamına gəlir". 

Ekspert qeyd edib ki, hadisələrin sonrakı inkişafı qarşılıqlı hücumların miqyasından və davamlılığından asılı olacaq:

"Əgər hücumlar davamlı xarakter alarsa, bu, genişmiqyaslı müharibəyə çevrilə bilər. Qarşıdurmanın yeni mərhələsi başlayıb.

Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi qarşıdakı günlərdə atılacaq addımlardan asılıdır. İran dəfələrlə bəyan edib ki, İsrail və ya ABŞ hücum edərsə, ciddi cavab verəcək və bu cavabın bölgə miqyasında nəticələri olacaq. Əgər İran ABŞ-nin bölgədə yerləşən hərbi bazalarına və ya birbaşa İsrail ərazisinə hücum edərsə, proseslərin geniş miqyas alması ehtimalı artacaq.

Bəzi siyasi müşahidəçilərin fikrincə, diplomatik danışıqlar və müzakirələr indiyədək ciddi nəticə verməyib və tərəflər arasında gərginlik qalıb". 

Analitik Trampın çıxışına da diqqət çəkib:

"ABŞ prezidenti Donald Tramp da dünənki çıxışında danışıqlardan narazı olduğunu, müəyyən şərtlərin qəbul edilmədiyini bildirdi. Qeyd etdi ki, hər iki dövlət pis müzakirə aparır. Bu cür açıqlamalar və son hadisələr bölgədə vəziyyətin daha da gərginləşə biləcəyini göstərir. 

Bu gün İsrailin hücumları onu göstərir ki, fars-molla rejimi savaşdan baçqa çarə buraxmayıb".