İranın yeni ali lideri regionda sülh üçün yeni mərhələ yarada bilər - ŞƏRH

"Müctəba Xameneyinin SEPAH-la yaxınlığı onun lider seçilməsində həlledici rol oynadı”

Amid Əliyev: "Yeni ali lider İranı mürəkkəb geosiyasi böhrandan çıxarmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni ali liderinin seçilməsinin regionda sülhün möhkəmlənməsinə töhfə verə biləcəyini bildirib.

Türkiyə lideri iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı deyib. Ərdoğan ümid etdiyini qeyd edib ki, Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə seçilməsi regionda vəziyyətin sabitləşməsinə və sülhün təmin olunmasına müsbət təsir göstərəcək.

Politoloq Amid Əliyev “Sherg.az”a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın yeni ali liderinin seçilməsinin regionda sülhün möhkəmlənməsinə töhfə verə biləcəyini vurğulaması, İranın qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşma perspektivini dəstəkləyən mühüm diplomatik mesajdır. Bu açıqlama göstərir ki, yeni liderin fəaliyyətinə dair regional gözləntilər yalnız daxili siyasi proseslərdən deyil, həm də qonşu dövlətlərin dialoq və əməkdaşlıq çağırışlarından təsirlənəcək. 

 Müctəba Xameneyinin Qum şəhərində ali dini təhsil aldığnı xatırladan politoloq qeyd edib ki, İran–İraq müharibəsi illərində Bəsic qüvvələrinin tərkibində iştirak edib və xüsusilə də İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) daxilində yüksək nüfuza və etimada malik fiqur kimi tanınır:

 “Məhz bu xüsusiyyətlər, dini təhsili, müharibə təcrübəsi və SEPAH-la yaxın münasibətləri, onun Ali Dini Lider seçilməsində həlledici rol oynayıb. Yeni Ali Dini Liderin qarşısında son dərəcə mürəkkəb və çətin bir dövr dayanır. İranın hazırda üzləşdiyi geosiyasi və daxili siyasi gərginlik fonunda ölkəni bu keşməkeşli vəziyyətdən çıxarmaq, qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq və eyni zamanda İranın nüvə proqramının həqiqətən də dinc məqsədlərə xidmət etdiyinə beynəlxalq ictimaiyyəti inandırmaq əsas çağırışlar olacaq. 

Şəxsən mənə görə bundan sonra ən vacib sual İranın Azərbaycana hansı siyasi prizmadan yanaşacağı olacaq. Münasibətlər qardaşlıq və qonşuluq prinsiplərinə əsaslanan konstruktiv müstəvidə inkişaf edəcəkmi, yoxsa İran daxilindəki ziddiyyətli və tərəddüdlü siyasi proseslərin diktə etdiyi, qarşıdurma elementləri daşıyan bir siyasət üstünlük təşkil edəcək?

Yaxın zaman intervalı bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini daha aydın göstərəcək”.