İsmail Cingöz: Altura tankerinə hücum planlaşdırılmış addım təsiri bağışlayır

Cingöz: Hədəf təkcə tanker deyil, regional balansdır

Altura tanker adlı xam neft yüklü tankerdə İstanbul Boğazından 15 mil uzaqlıqda, Qara dənizdə partlayış baş verib. Müharibənin davam etdiyi bir dövrdə baş verən bu hadisə böyük rezonans doğurub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, partlayış maşın (mühərrik) bölməsində baş verib. O, qeyd edib ki, bu, qəsdən edilib. 

Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz Sherg.az-a tankerin vurulma ehtimallarından danışıb:

"Hazırda Qara dənizin şimalında müharibə yaşanmaqdadır. Rusiya-Ukrayna müharibəsi uzun müddətdir davam edir. Bununla yanaşı, Fars körfəzində İran, İsrail və ABŞ arasında yaşanan bir müharibə də mövcuddur. Bu da beynəlxalq neft bazarına mənfi təsir göstərən dövrün yaşanmasına səbəb olub. Bu müddət ərzində Türkiyənin dənizdə, İstanbul Boğazı bölgəsində yanacaq tankerinin vurulması və xüsusilə hədəf alınaraq vurulduğu ilə bağlı açıqlamalar diqqət çəkir. Bu cür hadisələr strateji addım kimi qiymətləndirilməlidir. Bunu kimin, nə məqsədlə etmiş ola biləcəyi yalnız bir neçə ssenari ilə izah edilə bilər. İlk ssenari dövlət aktorlarıdır. Hazırda Rusiya-Ukrayna müharibəsinin Qara dənizin şimalında davam etdiyi və hər iki ölkənin də Montrö Boğazlar Konvensiyası çərçivəsində boğazlar bölgəsindən istifadə edərək təchizat həyata keçirdiyi unudulmamalıdır. Bu baxımdan, tərəflərin bir-birinin təchizat xətlərini kəsmək məqsədilə bu cür addımı məhz Türkiyə dənizinə atmış ola biləcəyi ehtimalı mövcuddur.

Ekspert Türkiyənin neytral mövqedə dayandığını söyləyib:

"Müharibənin ilk günündən etibarən tərəfsizliyini qoruyan Türkiyə, NATO üzvü olmasına baxmayaraq, alyansla tam paralel hərəkət etməyərək müstəqil şəkildə hər iki ölkə ilə strateji və qonşuluq münasibətlərini davam etdirir.

Bundan əlavə, Türkiyənin hər iki ölkəni- Ukrayna və Rusiyanı bir neçə dəfə danışıqlar masasına əyləşdirməsi, atəşkəs və sülh prosesi üçün vasitəçilik etməsi, taxıl dəhlizi razılaşmaları və əsir mübadiləsi kimi kritik fəaliyyətlərdə tərəfsiz mövqeyi ilə aktiv rol oynaması da unudulmamalıdır. Bəzi dairələrin Türkiyənin tərəf kimi münaqişəyə cəlb olunması və onun bölgədəki sabit və etibarlı ölkə mövqeyindən uzaqlaşdırılması üçün cəhd göstərdiyi də məlumdur. Bu məsələyə bu prizma ilə də baxmaq vacibdir.

Bu hadisə dövlətlərin planlaşdırıması, enerji xətlərini sabotaj etmək, xam neft daşıyan kritik tankerləri hədəfə alaraq ölkələrin enerji və yanacaq təminatını pozmaq məqsədi güdülmüş ola bilər. Həmçinin tankerinin istiqamətləndiyi ölkəyə iqtisadi təzyiq göstərmək və neft axınını dayandıraraq çətin vəziyyət yaratmaq məqsədi də nəzərdə tutulmuş ola bilər".

Mütəxəssis vurğulayıb ki, bu, psixoloji müharibə ehtimalı da ola bilər:

"“Heç bir yer təhlükəsiz deyil, hətta təchizatınızı tərəfsiz ölkə olan Türkiyə üzərindən həyata keçirsəniz belə bu bölgələr də təhlükəsiz deyil” mesajı verilərək təzyiq yaratmaq, psixoloji üstünlük əldə etmək məqsədi güdülmə ehtimalı var. Hadisənin məhz Türkiyə dənizində və boğaz bölgəsində baş verməsi Türkiyənin tərəfsizliyinin sual altına alınması üçün qəsdən seçilmiş ola bilər.

İnsansız dəniz vasitələrinin istifadəsini adətən dövlət dəstəyi olan və yüksək texnologiyaya malik aktorlar həyata keçirir ki, bu da diqqətdən kənarda qalmamalıdır.

İkinci ehtimal isə vekil qüvvələr, yəni paramilitarın həyata keçirməsi variantıdır. Bu cür hallarda hücumu həyata keçirən qruplar hansısa dövlət adına fəaliyyət göstərsələr belə, ifşa olunduqda həmin dövlətlər məsuliyyəti inkar edə bilər. Bu, “inkar edilə bilən hücum” strategiyası kimi tanınır. Məqsəd hücumu həyata keçirib məsuliyyətdən asanlıqla yayınmaqdır.

Eyni zamanda, vekil qüvvələr vasitəsilə müharibənin daha geniş coğrafiyaya yayılması, təsir dairəsinin artırılması, risklərin böyüdülməsi və dəniz ticarətinin təhlükəli hala gətirilməsi də hədəflənmiş ola bilər. Münaqişəni genişləndirərək öz ölkələrindəki daxili təzyiqləri azaltmaq məqsədi də güdülə bilər".

Analitik üçüncü ehtimalın nisbətən zəif olsa da, müstəqil terror aktı olduğunu bildirib: 

"Nüfuzunu itirməyə başlayan terror təşkilatları bu cür hücumlarla öz mövcudluqlarını və hələ də aktiv olduqlarını göstərmək istəyirlər. Bu cür hücumlar xaos yaratmaq, iqtisadi zərər vurmaq və qlobal diqqəti cəlb etmək məqsədi daşıya bilər.

Dördüncü ehtimal isə qəza versiyasıdır. Əsas hədəf bu tanker olmasa da, yanlış kəşfiyyat və ya səhv yönləndirmə nəticəsində təsadüfən vurulma ehtimalı da var. Yəni başqa bir hədəfə yönəlmiş zərbə nəticəsində səhvən bu gəmi vurulmuş ola bilər. İstanbul Boğazından təxminən 15 mil məsafədə, beynəlxalq ticarətin mərkəzi sayılan və Türkiyənin geosiyasi baxımdan həssas ərazisində baş verən bu hadisənin NATO-Rusiya Qara dəniz balansını pozmaq məqsədi daşıdığı ehtimalı da nəzərdən qaçırılmamalıdır. Burada hədəfin yalnız gəmi deyil, ümumilikdə regional balans olması və qlobal mesaj verilməsi məqsədi də daşıya bilər".

Müsahibimiz bu hadisənin doğura biləcəyi nəticələrdən də söz açıb:

"İlk növbədə, Türkiyənin boğazlarda təhlükəsizliyi artırması və Qara dənizdə daha gərgin hərbi mühitin formalaşması mümkündür. Bu isə bölgədə və boğazlarda təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılmasına səbəb olacaq.

Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda enerji bazarında müəyyən dəyişikliklər yaşanarkən, eyni zamanda İran-İsrail-ABŞ qarşıdurması nəticəsində Fars körfəzindən neft və qaz axınının azalması qlobal enerji böhranına səbəb olur. Belə bir şəraitdə Qara dənizdə tankerə hücum baş verməsi onsuz da artmaqda olan neft qiymətlərinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Bundan əlavə, Türkiyənin NATO ilə birlikdə daha aktiv müdafiə mövqeyinə keçməsi ehtimalı da yarana bilər".  

Müsahibimizin sözlərinə görə NATO üzvü olan Türkiyənin dənizlərində belə bir hadisənin baş verməsi alyansın reaksiyasını hərəkətə gətirə bilər:

"Nəticə etibarilə, Türkiyə öz imkan və qabiliyyətləri ilə özünü müdafiə edə bilən ölkə olsa da, onun NATO üzvü olduğu faktı da unudulmamalıdır".